AZ

Sürücü müdirinin arvadını qaçırıb girov saxladı Borcumu versin

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakının Binəqədi rayonunda 1984-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Zaur üç nəfərə xəsarət yetirib, onlara məxsus əmlakları məhv edib. Avtosfer.az "Savashmedia"ya istinadən xəbər verir ki, Zaur 8 yanvar 2022-ci ildə saat 18 radələrində Cəlilin (adlar şərti verilib – red.) onu işdən çıxarmasını bəhanə edib, əsaslı səbəb olmadan onun yaşadığı M.Ə.Rəsulzadə qəsəbəsindəki evinə gəlib. Yumruq və təpik zərbələri ilə Cəlilə məxsus “Porsche Cayenne” markalı avtomobilin ön orta havatənzimləyicisini, ön sol fara və sol yan güzgüsünü sındırıb. Avtomobilə 4350 manatlıq ziyan vurub. Bundan başqa, istirahət otağında olan 1000 manat dəyərində stolu sındırıb. Həmçinin otağın şüşədən olan qapısını sındırmaqla 500 manatlıq ziyana səbəb olub. Daha sonra evdəkilərin ünvanına qeyri-etik, nalayiq ifadələr səsləndirib. Cəlilin qeyri-rəsmi münasibətdə yaşadığı Könülə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə gələn Könülün bacısı Cananı da vurub. İstintaq orqanı tərəfindən Zaurun barəsində Cinayət Məcəlləsinin 186.1 (əmlakı qəsdən məhv etmə və ya zədələmə - özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

“Şərikli işlədilər”

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, Könülü 2004-cü ildən tanıyır: “Onda Könül hələ subay idi, Cəlilin Binə qəsəbəsində yerləşən ticarət mərkəzindəki mağazada satıcı işləyirdi. Mən isə ticarət mərkəzində əl arabasında banan satırdım, “BMW” markalı avtomobilim vardı. Bir müddət Cəlilin yanında satıcı işləyəndən sonra Könül ticarət mərkəzində özünə mağaza aldı və onunla şərikli işlədilər. 2007-ci ildə Könül məni mağazasına satıcı götürdü. Könül Cəlillə qeyri-rəsmi şəkildə evləndi və ondan hamilə oldu. Mən gündəlik 25 manat zəhməthaqqı alırdım. Cəlili Könülün mağazasında işləyəndən sonra şəxsən tanıdım. Onlar bina evində yaşayırdılar. Ev Könülün adınaydı”.

“Novxanı qəsəbəsində bağ evi aldım”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2013-cü ildə Könül onu ailə sürücüsü kimi işə götürüb: “Satıcı işlədiyim müddətdə mənim Könüldə 30 min manat pulum toplanıb qalmışdı, o da pulu qaytaracağına söz vermişdi. Könül mənə sürücü kimi ayda 1500 manat əməkhaqqı verəcəyini söyləmişdi. Lakin ayda 1000 manat verirdi, qalan 500 manatı isə daha sonra, yəni oğlu orta məktəbdə təhsilini başa çatdırandan sonra, 2021-ci ilin sentyabrında verəcəyini vəd elədi. Könüllə Cəlil hazırda yaşadıqları Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bağpark küçəsindəki həyət evində yığışdılar. Mən şəxsi avtomobilimlə Könülə ailə sürücülüyü etmişəm. Ailə sürücüsü işlədiyim müddətdə avtomobilimi dəyişmişəm. Əvvəlcə 18000 manata “Hyundai” markalı avtomobil, sonra isə həmin avtomobili hazırda da istifadəmdə olan “BMW X5” markalı avtomobillə başabaş dəyişdim. 2017-ci ildə Binəqədi rayonunun Novxanı qəsəbəsində özümə 50.000 manata bağ evi aldım”.

“Mənə borcları var”

Zaurun ifadəsinə görə, Könülün iki otaqlı mənzili olub: “2013-cü ildən 2021-ci ilin noyabr ayına kimi Könüllə Cəlil həmin mənzildə ər-arvad kimi yaşayıblar. Mənzil satılandan sonra Könül yanında satıcı işlədiyim müddət ərzində toplanaraq qalmış 30.000 manatı evin satış pulundan qaytarmağa söz verdi. Mənzil satılandan sonra Könül pulu qaytarmaqdan imtina etdi. Beləliklə, 2022-ci ilin yanvar ayına kimi Könüldə 30.000 manat alverdən pulum, sürücü kimi işlədiyim müddət ərzində toplanmış 500 manat kəsirlərin cəmi olan 36.000 manat məbləğində olmaqla ümumilikdə 66.000 manat borcum qalıb. Bundan başqa Cəlilin özü mənə 8.000 manat məbləğində borcu olub. Borc sürücü kimi işlədiyim müddət ərzində istifadə etdiyim avtomobilinin təmiri və əlavə xərcləri ilə bağlı olub. Könül və Cəlilin mənə ümumilikdə 74.000 manat borcları var”.

“Ərinin əlindən evdən qaçmışdı”

Təqsirləndirilən şəxs deyib ki, 2021-ci ilin noyabrında Könüldən aralanmasına Cəlilin onun barəsində Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə ərizə ilə müraciət etməsi səbəb olub: “Cəlil mənim Könülü və uşağını oğurlayaraq Novxanıda bağda girov saxladığımı, 30.000 manat tələb etdiyimi bildirmişdi. Həqiqətən onda Könül kiçik oğlu Tacəddinlə birlikdə mənim yanımda, Novxanıda idi. Onlar könüllü olaraq oğlu ilə Novxanıya gəlmişdilər. Könülün dediyinə görə, Cəlil ona dərman verərək öldürmək istədiyi üçün oğlunu da götürüb, evdən qaçıb. Polis əməkdaşları Novxanıya gələrək Könüllə məni polis şöbəsinə apardılar. Binəqədi Rayon Məhkəməsi tərəfindən 10 sutka həbs edildim”.

“Bildirdim ki, söyüş söymüsən, üzr istəməlisən”

Zaur qeyd edib ki, pulunu istəmək məqsədi ilə 2022-ci il yanvarın 8-də təxminən saat 18 radələrində Könülün yaşadığı həyət evinə gəlib: “Mən həyətə daxil olanda Cəlil həyətə çıxdı. Ondan pulumu istədim, məndən həyəti tərk etməyimi tələb etdi. Evdə olan Könül, onun bacıları, həmçinin Cəlilin birinci arvadı çölə çıxdılar, üstümə hücum çəkdilər. Dava-dalaş başladıqdan sonra əsəblərim korlandı. Qadınlardan biri dabankeşi götürərək üstümə gəldi. Dabankeşi alaraq kənara atdım. Mən həyətdə olan beli götürdüm və onlardan müdafiə olunmağa başladım. Cəlilə bildirdim ki, anama söyüş söymüsən, üzr istəməlisən. O isə dedi ki, əcəb eləyib söymüşəm. Bu zaman Cəlilin həyətdə olan “Porshe” markalı avtomobilinin sol yan güzgüsünə bir yumruq vuraraq sındırdım. Polislər gələrək bizi polis şöbəsinə apardılar”.

“Evimə basqın etdilər”

İş üzrə zərərçəkmiş Cəlilin sözlərinə görə, Zauru 10-12 il olar tanıyır: “Zaur əvvəllər arabaçı işləyirdi. Sonra mənim yanımda işləməyə başladı və ona çörək verdim. Mən arada xarici ölkələrdə oluram, həmin vaxtlar uşaqlarımı Zaur ora-bura aparırdı. Son zamanlar mənə aydın oldu ki, Zaurun Könüllə əxlaqsız hərəkətləri olub. 2022-ci il yanvarın 8-də Zaur dostu ilə bizim evimizə basqın etdilər. Onun evimə girərək mübahisə etməsi videoya düşüb”. Zərərçəkmiş bildirib ki, bu hadisələrdən sonra Könüllə yolda gedərkən Zaur maşını ilə onların yolunu kəsib və musiqiyə yüksək səs verərək ona narahatçılıq yaradıb: “Dabankeşlə məni öldürəcəyini dedi. Mənim Zaura borcum yoxdu. Əksinə, onun bizə borcu var. Zauru və anasını işə götürmüşəm, yeməklərini də vermişəm”. Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilib. Onun əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib. O, 7 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, təqsirləndirilən şəxsin barəsində olan hökmün ləğv edilməsini, onun Cinayət Məcəlləsinin 186.1 və 221.3-cü maddələri ilə təqsirli bilinməsini, cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin zərərçəkmişlər də apellyasiya şikayəti veriblər, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını xahiş ediblər. Bir müddət əvvəl bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Emin Mehdiyevin sədrlik etdiyi heyət şikayətləri əsaslı hesab etməyib. Bundan sonra dövlət ittihamçısı kasasiya protesti verib. O, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə bəraət verilməsi və Cinayət Məcəlləsinin 128-ci maddəsiilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş edib. Ali Məhkəmədə işə baxan hakimlər heyəti dövlət ittihamçısının kasasiya protestini haqlı hesab ediblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və işin yenidən apellyasiya instansiyası məhkəməsində araşdırılması barədə qərar qəbul edilib. Bakı Apellyasiya Məhkəməsində bu dəfə şikayətlər hakim Faiq Qəniyevin sədrlik etdiyi heyətdə araşdırılıb. Dövlət ittihamçısının protesti təmin edilib və Binəqədi Rayon Məhkəməsinin hökmü ləğv olunub. Yeni hökmə əsasən təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, həmin məcəllənin 186.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən təqsirləndirilən şəxsə həmin maddə ilə cəza təyin edilməyib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən cəza təyin edilib, ona 1 il 3 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təyin edilmiş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 23 iyul 2025-ci il tarixdən hesablanması qərara alınıb. O, həbs edilib və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilib. Hökm qanuni qüvvəsinə mindiyi üçün müvafiq cəzaçəkmə müəssisəsinə etap olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
avtosfer.az

4Mənbələr