AZ

Ermənistan-KTMT münasibətləri daha da tündləşir - rəsmi İrəvan çaş-baş qalıb...


Ermənistanın baş naziri Nikol Paşinyan ordu və hərbi-siyasi ittifaqların ölkənin xarici təhlükəsizliyi ilə bağlı boşluqların aradan qaldırılmasında əsas alətlər olması barədə təsəvvürlərin səhv olduğunu etiraf edib. O, bunu “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında bildirib: “Lakin tarix bu formulanın işləmədiyini göstərdi – nə birinci, nə də ikinci halda. Üstəlik, birinci halda – hətta üç dəfə. KTMT Ermənistan kimi Azərbaycanı da qardaş ölkə hesab etdiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi”.

Paşinyan vurğulayıb ki, ən mühüm institutlardan biri olan və sonradan milli təhlükəsizlik strategiyasının əsasını təşkil edən legitimlik təhlükəsizliyin təmin edilməsinin əsas alətləri sırasından çıxarılıb: “2022-ci il oktyabrın 6-da Praqada son dərəcə vacib bir söhbət baş tutdu, burada biz Almatı Bəyannaməsinə əsaslandıq, orada dönüş nöqtəsi baş verdi. Ermənistan və Azərbaycan bu bəyannamə əsasında bir-birinin ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etdi”. Onun sözlərinə görə, məhz bu an dönüş nöqtəsi oldu və İrəvanın bütün təhlükəsizlik strategiyasını yenidən nəzərdən keçirməsinə səbəb oldu. Xatırladaq ki,İrəvanla Rusiyanın başçılıq etdiyi KTMT-nin münasibətlərində son illər gərginlik artıb. Paşinyan isə çıxışında onu da deyib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Ermənistanın ərazi bütövlüyünü də tanımış olur, çünki başqa yol yoxdur: “Əminəm ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla düzgün etmişəm”. Onu da qeyd edək ki, KTMT-nin faktiki lideri olan Rusiya Ermənistanla münasibətlərdə xüsusi rol oynayır. Lakin Ukrayna müharibəsindən sonra Moskvanın diqqətinin bölünməsi, Ermənistanın isə Qərbə inteqrasiya meyillərinin artması tərəflər arasında münasibətləri gərginləşdirib. Ermənistan Rusiyanı etibarlı müttəfiq saymır, Rusiya isə İrəvanın Qərbə yönəlməsini narazılıqla qarşılayır. Son illərdə Ermənistan Avropa İttifaqı və ABŞ-la əməkdaşlığı genişləndirir. Aİ-nin müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi KTMT-yə birbaşa alternativ addım kimi qiymətləndirilir. Paşinyan hökuməti açıq şəkildə bəyan edir ki, Ermənistanın təhlükəsizlik təminatı təkcə KTMT ilə məhdudlaşmır. Bu da Ermənistanın balanslı, amma əslində Qərbə yaxınlaşan siyasət yürütməyə çalışdığını göstərir. Ermənistanın narazılığı fonunda KTMT-nin digər üzvləri – Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan – məsələyə fərqli yanaşır. Onlar Ermənistanın problemlərini öz təhlükəsizlik maraqları çərçivəsində görmürlər. Bu isə təşkilat daxilində həmrəyliyin zəif olduğunu göstərir. Əslində, KTMT formal struktur kimi qalır, amma üzvlər arasında real hərbi-siyasi inteqrasiya mövcud deyil. Ermənistan KTMT-dən uzaqlaşdıqca Azərbaycan-Türkiyə tandemi daha da güclənir. Bunu Paşinyan oqtidarə özü də nzəərə alır.

İndi bəzi ekspertlərə görə, Ermənistan və KTMT münasibətlərində gərginlik təşkilatın gələcəyini sual altına qoyur. Ermənistan artıq KTMT-ni öz təhlükəsizliyi üçün etibarlı mexanizm hesab etmir. Bu proses fonunda İrəvan Qərblə əməkdaşlığı gücləndirir və regionda yeni geosiyasi vəziyyət formalaşır. Əgər KTMT daxilində islahatlar aparılmasa və üzvlər arasında real həmrəylik təmin olunmasa, Ermənistanın təşkilatdan uzaqlaşması qaçılmaz görünür. Bundan əvvəl də Nikol Paşinyan bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qayıtması getdikcə çətinləşir, hətta qeyri-mümkün olur: “"Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib. Ermənistan özünü KTMT-dən kənarda hesab edir, bununla yanaşı, həmkarlara hörmət əlaməti olaraq təşkilat ölkələrinin qəbul etdiyi qərarlara mane olmur”. Ermənistan üçün vəziyyət həm də ona görə mürəkkəbdir ki, bir sıra KTMT üzv dövlətlərinin Azərbaycanla yaxşı müansibətləri var və öz siyasi iqtisadi maraqlarını Ermənistanın təhlükəsizlik problemlərinə qurban vermək istəmirlər. Hazırda Ermənistanda 102-ci rus hərbi bazası mövcuddur. Ölkənin sərhəd nəzarəti Rusiyanın əlindədir. Rusiya sərhədçiləri Ermənistannın Türkiyə və İran ilə dövlət sərhədini qoruyur. Eyni zamanda, sirr deyil ki, Ermənistan iqtisadiyyatı böyük faizlə Rusiyadan asılıdır. Bu fonda Ermənistan hakimiyyətinin Rusiya əleyhinə addımlarından biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı olsa da, irəvan bunu reallaşdırmır. Rusiyalı politoloq Boqdan Bezpalko isə qeyd edir ki, Rusiya ilə münasibətləri korlayan Ermənistan bütün aspektlərdə uduzacaq: “Ermənistan KTMT-dən çıxsa və tək qalsa, onun arxalanacağı heç kim olmayacaq. Rusiya və onun KTMT daxilindəki müttəfiqlərinin hazır olduğu formatda, miqyasda Ermənistanın müdafiəsi üçün nə Fransa, nə ABŞ, nə də NATO çıxış etməyəcək. Əminəm ki, Rusiya ilə münasibətləri korlayan Ermənistan bütün digər aspektlərdə, xüsusən də ticarət, sənaye və digər sahələrdə uduzacaq. Ermənistan təşkilatdan çıxsa, iqtisadi cəhətdən itirəcək və bütün geosiyasi rəqibləri ilə tək qalacaq”.

Nahid SALAYEV

Seçilən
56
baki-xeber.com

1Mənbələr