AZ

Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI


Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım

 

Ölkə əhalisi sanki başqa parametrlərdə yaşayır. Özbəklər nəzakətsiz ola bilmirlər. Evdədirlərsə, qapıları daim açıq, yaxud yarıaçıq saxlanılır. Yəni - "qapımız hər kəsin üzünə açıqdır". Bu ənənə bizdə çoxdan tarixə qovuşub. Çünki, burda hamı hər kəsə inanır, güvənir... Bu fakt sosiallaşmanın ən önəmli göstəricisi kimi diqqətimi çəkdi. Ənənələrinə sadiqlik sövq-təbiidir. Bu, onların geyimlərindən, mətbəxindən, məişətdəki rəftarlarından, sürücülərinin yol hərəkəti qaydalarına riayətlərindən tutmuş, arxitekturalarına, qanunlarına kimi, gözlənilir. Bizə görə qeyri-demokratik sayılan bu ölkə üçün "demokratik dəyərlər" anlaşılmaz və qəbul da olunmaz. O mənada ki, əsl Şərqli insanı üçün demokratik dəyərlər Azərbaycanda olduğu kimi, əcaib şəkilsə təzahür edər deyə, buna sanki öncəgörənliklə, yol verilməyib. Özbəkistan Qərb dəyərlərinin Şərq dəyərləri ilə calağın baş tutmayacağına əmin olduğum ölkədir. Burda nə yaxşı ki, bizim "demokratiyadan" yoxdur... Ölkədə müasirlik var, amma o, bizdəki kimi "çığırmır". Burda lütlənənləri görməzsən, orientasiyası fərqli olanlar haqda məlumat eşitməzsən, narkomaniya barədə söhbət yoxdur, korrupsiya, rüşvət varsa belə, bu gizlin baş verir və bu eybəcərliklərin adi insanların məişətinə sirayət etdiyinin işartısını belə, görmədim... Hər gördüyüm müasir arxitektura qurğusunda modernistliklə bərabər, millilik də ornament və naxışlarda təzahür edir. Üç şəhərdə oldum, - Daşkənd, Səmərqənd və Buxarada - amma yeni tikili gözümə sataşmadı. Tikililər şəhərdən kənarda aparılır. Bu şəhərlər Bakı kimi toz burulğanına bürünməyib. Hər yer el dililə desəm, çiçək kimidir. İnsanlar hüzur içindədir... Bu şəhərlərin hüzurlu siması insanların ruhlarına da naxış-naxış sirayət edib. Şəhər mərkəzlərində yeni tikilən yaşayış və inzibati binalar köhnələrə uyğunlaşdırılaraq inşa edilir. Özbəkistanı başdan-başa muzeylər ölkəsi adlandırmaq olar. Beş min ildən qabağa gedən Zərdüştlükdən tutmuş İslam tarixinə kimi, qanlı qəhrəmanlıq tarixi yazmış Əmir Teymirdan tutmuş, tarixə önəmli töhfələr vermiş Uluqbəy, İbn Sina kimi tarixi şəxsiyyətlərin ruhunu yaşadan bu ölkə doğallığıyla riqqətə gətirir. Türk ruhu başlanğıcını buralardan götürüb. Qədim və zəngin tarixləri hər addımda duyulur. Ölkəyə turist axını var. Dəstə-dəstə sıralanan türkiyəli turistlərdən tutmuş, yaponiyalılara kimi... Ölkə sanki İsveçrə saatı kimi dəqiqliklə qurulub və təmirə, tənzimləməyə ehtiyac olmadan işləyir. Burda müəllimlər dərs verməkçün işləyir, həkimlər insanların səhhəti üçün çalışır, mühəndislər bina inşa etməkçün işləyir, polisləri insanların asayişi üçün çalışır. Və sair... Bu bizdə də belədir. Amma və lakin, - kağız üzərində... Burdan aldığım müsbət energetika mənə pozitiv olmağı diqtə edir. Amma, müqayisədə, bizdəki naqisliklər çox qabarıq görünür və doğma vətənimdə belə pozitiv qalacağıma əmin deyiləm. Təəssüratlar çoxdur. Bu yazını mən Buxara- Daşkənd qatarının təkərlərinin nizamlı tarak-tarakları altında yazdım. Necə deyərlər, atüstü... Çoxdan arzuladığım səyahəti xoş, ülvi təəssürat və xatirələrlə başa vurdum. Elə xatirələrlə ki, işığıyla mənə bir ömür boyu bəs edəcək. Buxara - Daşkənd qatarı. 08.09.25, saat 21.31


Seçilən
12
nuh.az

1Mənbələr