Fransa millisinin sabiq yarımmüdafiəçisi Pol Poqba bu günə kimi yalnız hazırda “İnter Mayami”də çıxış edən Lionel Messidən 2018-ci ildə keçirilən dünya çempionatında üzr istədiyini açıqlayıb.
Həmin mundialda (Rusiya–2018) Fransa yığması 1/8 final mərhələsində Argentina millisi üzərində 4:3 hesablı qələbə qazanaraq, rəqibini mübarizədən kənarlaşdırmışdı.
Sportinfo.az “Əl Cəzirə”-yə istinadən xəbər verir ki, fransalı futbolçu, Messinin planetin ən yaxşı oyunçusu olduğunu deyib:
“Mən heç vaxt qalib gəldiyim oyunçudan və ya komandadan üzr istəməmişdim. Amma Messiyə bunu etdim.
Matç bitdikdən sonra onun yanına getdim və dedim: “Bağışla”. Çünki o, həmin məğlubiyyəti haqq etmirdi”.
Poqba əlavə edib ki, Messi futbol üçün çox şey verib və o, planetin ən yaxşı oyunçusudur:
“Messi bunu heç vaxt qəbul etməyəcək, çünki çox təvazökar insandır”.
Fransa millisi 2018-ci ildə dünya çempionu olub. Sonuncu mundialda isə (Qətər–2022) Messili Argentina yığması finalda məhz Fransanı məğlub edərək, 1986-cı ildən sonra ilk dəfə dünya çempionu titulunu qazanıb.