AZ

Qarabağ və Şərqi Zəngəzur həm də bağlar diyarına çevrilir

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə budəfəki səfəri zamanı Xocalı rayonunun Daşbulaq kəndində salınmış tut bağında da oldu. Bununla bağlı kadrları izləyərkən beş il əvvəl, yəni 2020-ci ilin sonunda şahidi olduğum bir əhvalat yadıma düşdü. Ailəsi ilə birlikdə qonşuluğumuzda məşkunlaşmış keçmiş məcburi köçkün  olan  xanım  ekranda kəndinin nümayiş etdirilən xarabalıqları arasında özünün yarıuçuq  evini tanıdı və dəhşətə gələrək  az qala qışqırdı: "Bəs hanı mənim qızılgüllərim? Hanı mənim alma bağım?"

Bəli, erməni faşistləri Azərbaycan  torpağında 30 il ərzində  insanları qətlə yetirib soyqırımları törətməklə, şəhərləri və kəndləri yerlə yeksan etməklə kifayətlənməmişdilər. İşğal etdikləri ərazilərdə eyni zamanda amansızcasına ekoloji terror törətmişdilər. Prezident İlham Əliyev onların bu vəhşiliklərini  ekosid - ətraf mühitə qarşı genosid adlandırıb.

Ağac əkmək, bağ salmaq nə qədər xeyirxah işdirsə, onları məhv etmək yüzqat çirkin əməldir. İşğalçılar da məhz öz  bəd niyyətlərini  həyata keçirərək  üç onillik ərzində meşələrdə, həyətlərdə ağacları yox etmişdilər. Qəddərlıqları bununla bitməmişdi. Belə ki, Kəlbəcəri, eləcə də Ağdamı və Laçını tərk edərkən    meşələrə od vurmuşdular və bunu bütün dünya gördü. Onların işğalçılıqla, həyasızcasına soxulub  yaşadıqları evlərə, meyvəsini dərib yedikləri bağlara, saf havasını udduqları meşələrə bu cür amansız münasibətlərini nə adlandırmaq olar?

Dövlətimizin başçısı bu məsələni öz çıxış və müsahibələrində dönə-dönə vurğulayıb. Laçın rayonunda 22 min hektar, Kəlbəcər rayonunda 24 min hektar,  Zəngilan və Qubadlı rayonlarında 12 min hektar  meşə sahələri,  işğaldan azad edilmiş  digər  ərazilərdə də bu cür  böyük  sərvətimiz  olduğunu nəzərə  çatdırıb. Meşələrin planetimizin ağciyəri  olduğunu   qeyd edərək  deyib: "Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır".  

Mənfur düşmən öz xəyanətkar əlini çaylarımıza da uzatmışdı. Suyun qabağını kəsmişdi, nəticədə bir neçə rayonda 100 min hektardan çox torpaq susuzluqdan yanaraq cadar-cadar olmuşdu.

Erməni qəsbkarlarının ekosidindən danışarkən təkcə Bəsitçay qoruğuna yetirdikləri zərəri göstərmək kifayətdir. Qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırmışdılar. Bir sözlə, işğal altında saxladıqları dövrdə digər ərazilərə olduğu kimi, burada da illərlə formalaşmış təbii ekosistemin tarazlığına ciddi zərbə vurmuşdular. 

Erməni faşistlərinin  dağıtdığı  şəhər və kəndlərimizi  yenidən qurmaqla bərabər,  təbiətimizə vurduğu "yara"ları da sağaldırıq. Meşələri bərpa edir, yeni bağlar salır, çaylarımızın suyundan bəhrələnirik. Bu, Prezidentimizlə  xalqımızın  qətiyyəti, məramı, məqsədidir  və başlanmış  böyük işlər uğurla davam edir.

"Əsas məsələ odur ki, şəhərlər, kəndlər bərpa olunarkən təbiətə toxunulmasın, təbiətə ziyan vurulmasın". Bu, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizin bərpa və quruculuq işlərində qarşıya qoyduğu prioritetlərdən biridir. 

Qarabağa və Şərqi Zəngəzura çoxsaylı səfərlərinin birindən sonra Prezidentimiz deyib: "Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkdik. Bəsitçay qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb".

İndi təbiətimizə vurulan yaralar sağalır və buna aid onlarla misal gətirmək olar. İşğaldan azad edilmiş ərazilərimizdə  əvvəlkindən də çox ağac qol-budaq açacaq, daha çox bağ bar verəcək, daha çox gül əkilib və daha sıx meşələr salınacaq. Ötən beş ildə görülən işlər də məhz bunu göstərir.

Elə Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağını deyək.  Prezidentimizə burada  olarkən məlumat verilib ki, bağda Çin Xalq Respublikasından idxal edilmiş 130 min ting əkilib. Tut bağında damcılı suvarma sistemi yaradılıb. Gələn il  100 ton tut yarpağının istehsalı planlaşdırılır. 2030-cu ildə isə bu rəqəm 500 tona çatdırılacaq. Proqnozlaşdırılan barama istehsalı gələn ildən başlayaraq, 5 il ərzində 60 tondur. Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma sisteminin tətbiqi və təxminən 1,5 milyon tut tinginin əkilməsi, klaster modeli əsasında tut bağının salınması, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi, yaş barama istehsalı, həmçinin məhsulun emal prosesinin həyata keçirilməsi nəzərdə tutulur.

Qarabağda və Şərqi Zəngəzurda insanlar yenidən məskən salır və onların bir dəstəsi də öz məşğulluq problemini bu təsərrüfatda həll edib. İnsan məskən salırsa, onun nəfəsi və zəhməti ilə  torpaq daha da canlanıb gül-çiçək açacaq. 

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
2
azerbaijan-news.az

1Mənbələr