AZ

Dövlət Turizm Agentliyi tərəfindən Neftçala rayonuna infotur təşkil olunub

Dövlət Turizm Agentliyinin və "Azərbaycan Fish Farm" MMC-nin birgə təşkilatçılığı, Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə cənub regionunun Xəzər sahilində yerləşən Neftçala rayonuna infotur təşkil edilib.

Astara, Lənkəran və Neftçala rayonlarını əhatə edən infoturda Azərbaycanda fəaliyyət göstərən 30 turizm şirkətinin nümayəndəsi və səyahət bloqçusu iştirak edib. Tədbirin əsas məqsədi qeyd olunan rayonların turizm imkanlarının geniş şəkildə təbliğ olunması, son illərdə turizm sahəsində aparılan işlərin nümayiş etdirilməsi, eyni zamanda yeni turizm məkanlarının tanıdılmasıdır. 

İnfotur çərçivəsində respublikanın iri balıqçılıq təsərrüfatlarından sayılan "Azərbaycan Fish Farm" MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatına da səfər edilib. İnfoturun Neftçala rayonu üzrə mərhələsində rayonun turizm imkanlarının təqdimatı keçirilib. Burada iştirakçılara Neftçalanın balıqçılıq ənənələri, Xəzər sahilində ekoturizm potensialı, həmçinin rayonun təbii və rekreasiya imkanları barədə ətraflı məlumat verilib. Qonaqlar həm təsərrüfatlarda yetişdirilən balıqlar, həm də orada turizm üçün yaratdıqları şəraitlə yaxından tanış olublar. 

Qeyd olunub ki, Neftçala Xəzər dənizinə çıxışı, zəngin flora və faunası, həmçinin özünəməxsus kənd təsərrüfatı məhsulları ilə seçilən bir bölgədir. Son illər rayonda turizm infrastrukturunun inkişafı, yeni istirahət mərkəzlərinin istifadəyə verilməsi və ekoturizm marşrutlarının formalaşdırılması istiqamətində mühüm addımlar atılır. 

Həmçinin iştirakçılar regionun yerli mətbəx nümunələri, müalicə turizmi və aqroturizm imkanları barədə də məlumatlanıblar. 

S.CAVADOV,

"Azərbaycan"

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr