AZ

“Bütün Krım ərazisi hədəfimizdədir”-Dmitri Pletençuk

Yazını böyüt
Yazını kiçilt

Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk işğal altındakı Krımda Rusiya hədəflərinə edilən hücumlarla bağlı mühüm açıqlamalar verib. O, Ukrayna qüvvələrinin Krım yarımadasındakı bütün strateji Rusiya hədəflərinə çatma gücünə malik olduğunu ifadə edərək, “Krımda düşmənlə mübarizə genişmiqyaslı işğalın başlanğıcından bəri qarşılıqlı və davamlıdır” deyib.

Hafta.az-ın yazdığına görə, sözçü bu gün canlı yayımda Rusiyanın Qara dəniz donanmasının qərargahının daha əvvəl də hücuma məruz qaldığını qeyd edərək, hərbi əməliyyatların idarə olunması üçün bu cür hücumların kritik əhəmiyyətini vurğulayıb. O əlavə edib: “Bu, hərbi infrastrukturun mühüm elementidir, çünki rabitə qoşunların idarə olunmasıdır. Əslində, bu, müharibənin əsas elementlərindən biridir. Müvəqqəti də olsa, idarəolunma qabiliyyətinin itirilməsi missiyanın yerinə yetirilməsinin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir”.

Pletençuk son olaraq Akyardakı (Sevastopol) Rusiya Qara dəniz Donanmasının rabitə mərkəzinin vurulduğunu, hücumda heç bir mülki vətəndaşın zərər çəkmədiyini bildirib. O, “Bu dəfə hədəf əslində Akyar idi. Mülki itkilərdən qaça bildik. Onlar bizim xalqımızdır, o torpaq bizim torpağımızdır. Oradakı insanlar bizi gözləyirlər və bu çətinliklərə dözməyə hazırdırlar, amma imkan daxilində onlara zərər verməməyə çalışırıq” deyib.

Pletençuk qeyd edib ki, Krım texniki cəhətdən tamamilə Ukrayna qüvvələrinin əhatə dairəsindədir, lakin düşmən regionu geniş hava hücumundan müdafiə sistemləri ilə təchiz edib. “Bəzi işlər uğurlu ola bilər, bəziləri yox. Amma bu, dayanacağımız demək deyil”, - deyə o bildirib.

Sözçü Qara dənizdəki mina riskinə də toxunub və əlavə edib ki, bu minalar təkcə Ukrayna deyil, həm də qonşu ölkələr üçün təhlükə yaradır və müharibədən sonrakı minatəmizləmə əməliyyatları üçün beynəlxalq əməkdaşlığa ehtiyac olacaq.

Seçilən
29
hafta.az

1Mənbələr