AZ

“Qarabağ” çempionlar sammitinə Lissabonda başlayır

Tarixində ikinci dəfə rəsmən UEFA Çempionlar Liqasının Liqa mərhələsi adlandırılan, ya da sadəcə, bu yarışın böyük əhəmiyyətinə rəğbətlə nəhənglər meydanı da deyilən turnirdə oynamaq hüququ qazanmış Ağdam komandası Portuqaliyanın paytaxtı, 1996-cı ildə ATƏT dövlət və hökumət başçılarının Sammitinin təşkilatçısı olmuş Lissabonun qonağıdır.

Bu gün axşam Azərbaycan çempionu bir vaxtlar “Benfika”nın və ölkəsinin yığma komandasının şərəfini qorumuş, 1966-cı ildə İngiltərədə dünya çempionatında SSRİ komandası ilə 3-cü yer uğrunda görüşdə futbolumuzun əfsanəsi Anatoli Banişevskiyə rəqib olmuş digər əfsanə Eysebionun vətənində qitə klublarının ən nüfuzlu turnirində ilk oyununa çıxacaq. Rəqib adlı-sanlı “Benfika”dır.

Təmsilçimiz Portuqaliyaya bir həftə əvvəl Azərbaycan millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukraynaya qarşı fədakar mübarizəsinin futbol ictimaiyyətimizdə yaratdığı xoş əhval, nikbinlik hissi şəraitində gedib. Buna qədər məğlubiyyətlər içində itib-batan komanda Santuşla 9 məğlubiyyət və 2 heç-heçədən sonra yerli mütəxəssis Ayxan Abbasovla elə ilk oyunda qolların və xalların hesabını açıb, nəhayət, sevinc hissi yaşayıb.

Millinin Reykyavikdə İslandiya ilə görüşdə nokauta bərabər uğursuzluğunun Bakıda fəal mübarizə sayəsində qazanılmış mühüm heç-heçə ilə əvəz olunmasında həmin axşam Tofiq Bəhramov adına Respublika Stadionunda meydana çıxan “Qarabağ”lılar Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Musa Qurbanlı və Abbas Hüseynovun da xidmətləri az deyil.

İki cəbhədə döyüşən bu gənclər yığma kollektivdəki dostları ilə birlikdə mundialın Avropa zonasının “D” qrupunda Azərbaycan komandasının finişə ikinci çatmaq imkanlarını da nəzəri cəhətdən qorumuşlar. Oktyabrda Fransa və Ukraynaya qarşı səfər matçları nə qədər ağır olacaqsa da, hər halda, həmin oyunları maraqla gözləməyə müəyyən dərəcədə əsas var. Heç bir halda silahı vaxtından əvvəl yerə qoymaq olmaz. Noyabrda isə İslandiya və Fransa ilə son oyunlar Bakıda keçiriləcək. Deməli, əsas hadisələr hələ irəlidədir.

Qarşıdakı oyunları gözləyərkən yenə “Qarabağ”la nəfəs alacağıq. Qurban Qurbanovun komandası ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinin qapısını üzümüzə açmaqla futbol ictimaiyyətimizin ömrünü uzatmışdır desək, elə bir mübaliğəyə yol vermiş olmarıq. Sevinc hissi həmişə insanlara gümrahlıq gətirir, onlarda xoş əhval yaradır, gələcək uğurlara, xeyirxah işlərə inamı artırır.

Bu gündən başlayaraq 2026-cı il yanvarın 28-dək həyatımızın bir parçasına çevriləcək böyük-böyük klublarla 8 oyuna şahidlik etmək imkanı yaratmış Ağdam komandası çətin sınaqlarda, şübhəsiz, qüvvəsini əsirgəməyib, mümkün qədər çox xal toplamağa çalışacaq. Avropanın ən yaxşı 36 klubunun rəqabətində təmsil olunmaq, əlbəttə ki, futbolumuz üçün böyük şərəfdir.

Ağır mübarizənin finişinə ən yaxşı 24 komanda sırasında çatmaq isə ikiqat şərəfli olar. Ümumi yekun cədvəlində məhz ilk 24 yerin sahibləri pley-off görüşlərinə vəsiqə qazanacaq, bu oyunlarda da uğur onların tərəfində olsa, daha da uzağa gedəcəklər.

Bakı vaxtı ilə saat 23-də Lissabonda başlanacaq “Benfika”–“Qarabağ” qarşılaşmasından sonra turnirdə iki həftəlik fasilə veriləcək, komandalar bütün diqqətlərini öz daxili çempionatlarındakı oyunlara yönəldəcəklər.Azərbaycan çempionu təqvimə əsasən Liqa mərhələsində ikinci görüşündə oktyabrın 1-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinin eyniadlı klubunu qəbul edəcək. Sonra da daha üç səfər matçı, evdə də bir o qədər oyun olacaq.

Bir sözlə, qışda üşüməyəcəyik. Gələn il yanvarın sonunadək bizi həyəcanlı, səs-küylü böyük futbol günləri gözləyir. “Qarabağ”ımızın yeni zəfərlərinə sevinək!..

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Seçilən
10
xalqqazeti.az

1Mənbələr