AZ

Rusiya və Özbəkistan arasında qalmaqal: Özbəkistan nota verdi 

Özbəkistan Rusiyanın Vladivostok şəhərində vətəndaşlarına qarşı baş verən hücumlarla bağlı rəsmi şəkildə Moskvanı tədbir görməyə çağırıb. Ulusal.az xəbər verir ki, bu barədə şəhərdəki Özbəkistanın baş konsulu Yusup Kabuljanov məlumat verib.

“Gazeta.uz”un xəbərinə görə, Özbəkistan ekoloji nazirinin müşaviri, sabiq deputat Rasul Kuşerbayev sosial şəbəkədə məlumat paylaşıb. O, Vladivostokda bir qrup gəncin özbək miqrantlarına hücum etdiyini və onları təhqir etdiyini bildirib. Kuşerbayev hadisələrlə bağlı üç video yayıb. Onlardan birində gənclərin taksi sürücüsünü döyməyə cəhd göstərdiyi əks olunur. Onun sözlərinə görə, hücumlar sentyabrın 13-də baş verib.

Kabuljanovun açıqlamasına əsasən, hadisə ilə bağlı Vladivostok şəhər Daxili İşlər İdarəsinə rəsmi müraciət edilib, həmçinin Rusiyanın Xarici İşlər Nazirliyinin şəhərdəki nümayəndəliyinə və Primorsk diyar Prokurorluğuna nota təqdim olunub.

Sentyabrın 16-da Primorsk diyarı hökumətinin mətbuat xidməti TASS-a bildirib ki, hücumda şübhəli bilinən şəxslərin bir qismi saxlanılıb. Yerli hakimiyyətin məlumatına görə, zərərçəkən miqrantlar bölgədə qanuni əsaslarla yaşayır. Bundan əvvəl prokurorluq hadisə ilə bağlı yoxlamaya başlamışdı. Daha sonra İstintaq Komitəsinin regional idarəsi 15 yaşlı yeniyetmələr və digər iştirakçılar barəsində Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci bəndi (“xuliqanlıq”) üzrə cinayət işi açıldığını açıqlayıb. Artıq şübhəlilərin şəxsiyyəti müəyyən edilib, bir nəfər saxlanılıb, daha ikisi axtarışdadır.

Xatırladaq ki, sentyabrın əvvəlində də Özbəkistan Moskvaya nota göndərmişdi. Səbəb isə Moskva vilayətində çəkilmiş və bir kişinin özbək taksi sürücüsünü “qul” adlandırdığı video olmuşdu. İyun ayında isə Özbəkistan hakimiyyəti Moskvanın Sokolniki rayonunda keçirilən polis reydində sənəd problemi səbəbindən 6 nəfərin saxlanılmasına etiraz etmişdi.

Seçilən
37
moderator.az

1Mənbələr