AZ

Zaqatalada dağ çaylarından sel keçib, bəzi təsərrüfatlara ziyan dəyib

Zaqatala, 16 sentyabr, AZƏRTAC

Zaqatala rayonuna yağan aramsız yağışlar nəticəsində dağ çaylarında suyun həcmi bir neçə dəfə artıb, sel bəzi təsərrüfatlara ziyan vurub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Talaçayda torpaq bəndlərin yuyulması nəticəsində rayonun Vöhtala kəndindəki təsərrüfatları su basıb. Talaçayda məcratənzimləmə işlərinin aparılmasına baxmayaraq, Dardoqqaz kəndi istiqamətində bəndləri su yuyub və ərazilər suyun altında qalıb.

Vöhtala kənd icra nümayəndəliyindən verilən məlumata əsasən, sel suları ümumilikdə 15 hektara yaxın fındıq və ot sahəsinə ziyan vurub. Kəndin yollarına da zərər dəyib. Bu istiqamətdə bərpa işlərinə başlanılıb.

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ceyhun Mirzəyev bildirib ki, intensiv yağan yağışlardan sonra rayon ərazisindən axan dağ çaylarından sel keçib. Xüsusən də Talaçayda suyun həcmi artıb. “Talaçayın sol sahilində yerləşən Vöhtala kəndində 7-8 təsərrüfatı su basıb. Elə həmin gecədən başlayaraq torpaq bəndlərin yuyulduğu əraziyə texnikalar cəlb olunub və sahilbərkitmə işləri həyata keçirilib. Hazırda selin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir”, - deyə o bildirib.

Baş mühəndis Katexdə və Muxaxçayda da qabaqlayıcı tədbirlərin görüldüyünü vurğulayıb.

O, yağıntılarla əlaqədar Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin gücləndirilmiş iş rejimində işlədiyini diqqətə çatdırıb.

Seçilən
31
1
azertag.az

2Mənbələr