AZ

Qazaxıstanda məcburi nikah 2 ildən 10 ilə qədər həbslə nəticələnə bilər- ÖZƏL

Qazaxıstanda məcburi evlilik və gəlin oğurluğu faktlarına görə cinayət məsuliyyəti tətbiq edən qanun dəyişikləri qüvvəyə minib. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Yeni qanuna əsasən, Cinayət Məcəlləsinə 125-1-ci maddə - "Məcburi evlilik" əlavə olunub. İndi məcburi evlilik faktları cinayət hesab edilir. Cəza növü isə hər bir hadisənin xüsusiyyətlərinə görə müəyyənləşdiriləcək: cərimə, ictimai və ya düzəldici işlər, azadlıqdan məhrum etmə və ya məhdudiyyət. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, məcburi evlilikdə günahkar olan şəxs 2 min aylıq hesablama göstəricisinə qədər (təxminən 14,5 min ABŞ dolları) cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum edilmə cəzası ala bilər. Əgər hərəkətlər ağır nəticələrə səbəb olarsa, azadlıqdan məhrum etmə müddəti 5-10 ilədək arta bilər. Daha ağır cəza isə zorakılıq, azyaşlı şəxslərə qarşı, asılılıqdan istifadə olunması, qrup şəklində törədilməsi və ya vəzifə səlahiyyətlərindən sui-istifadə hallarında tətbiq ediləcək. Bundan əlavə, Qazaxıstan hüquq-mühafizə orqanları nişan oğurluğu hallarını, qadının könüllü azad olunması halında belə, cinayət məsuliyyətindən azad etməyəcək. Əvvəllər oğurlanmış şəxsi könüllü azad edənlər cinayət məsuliyyətindən azad olurdular. Yeni dəyişikliklər zorakılıq yolu ilə evlilik hallarının qarşısını almağa və xüsusilə qadınlar və yeniyetmələr kimi həssas qrupları qorumağa yönəlib. Qanun dəyişiklikləri həmçinin "dropperlik" -bank hesabına, ödəniş vasitəsinə və ya identifikasiya vasitəsinə qanunsuz çıxış, onun ötürülməsi, əldə olunması, habelə qanunsuz pul köçürmələrini də cinayət məsuliyyətinə cəlb edir. Əməlin ağırlığı və əldə olunan gəlirin miqdarından asılı olaraq, cəza cərimədən 7 ilə qədər azadlıqdan məhrum etməyə və əmlakın müsadirəsinə qədər dəyişə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr