AZ

Hökumət gələn ilə hazırlaşır - baş nazirin yanında iki günlük iclas nəyə həsr olunub?

Azərbaycan hökuməti 2026-cı ilin dövlət büdcəsi layihəsinin hazırlıqlarını davam etdirir. Ölkə qanunvericiliyinə əsasən, növbəti ilin dövlət büdcəsinin layihəsi sentyabrın 25-dək hazırlanaraq ölkə prezidentinə təqdim edilməlidir. 

Qlobal bazarlardakı volatillik fonunda Azərbaycanın əsas gəlir mənbəyi olan neftin ucuzlaşması 2026-cı ilin dövlət büdcəsi layihəsinin hazırlanması prosesini bir sıra çağırışlarla üz-üzə qoyur. Cari ilin büdcəsi neftin 70 dollarlıq dünya bazar qiyməti ilə hesablanıb, lakin aprel ayından bəri qiymətlər bir çox hallarda bu həddən aşağı olub. Əksər analitik mərkəzlər növbəti il üçün neft qiymətlərinə dair proqnozlarına azalma istiqamətində ciddi düzəlişlər etməkdədirlər. 

Xüsusilə OPEK+ razılaşmasının əsas 8 üzvünün gündəlik hasilatın 1,65 milyon barel azaldılan həcminin sürətlə bərpa etmək qərarı qəbul etməsi cari ilin sonu, gələn il üçün bazarda təklif artıqlığının artmasına gətirib çıxaracaq əsas amil kimi qiymətləndirilir. Belə bir şəraitdə büdcə planlanmasına son dərəcə rasional yanaşma zəruridir. Təsadüfi deyil ki, sentyabrın 12-13-də Azərbaycan İqtisadi Şurasının iclasında əsas müzakirələr bu məsələ ilə bağlı olub. Nazirlər Kabinetindən verilən məlumata görə, İqtisadi Şuranın sədri, baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri diqqət mərkəzində olub.

Həmçinin dünya iqtisadiyyatının inkişaf meylləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, cari iqtisadi vəziyyət və 2025-2029-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2026-2029-cu illərdə büdcə siyasətinin əsas məqsəd, istiqamət və hədəfləri, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və Böyük Qayıdış proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət, siyasət istiqamətləri və digər məsələlər ətraflı müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Sahil Babayevin, Mərkəzi Bankın sədri Taleh Kazımovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzələri dinlənilib. Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla, 2026-cı ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.  

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, növbəti illərdə hökumətin neft qiymətlərini cari ildəkindən daha aşağı hesablaması gözləniləndir: “Ortamüddətli makroiqtisadi proqnozlarda buna işarə edilmişdi. Orada 65 dollarlıq qiymət həddindən bəhs olunur. Lakin beynəlxalq təşkilatların neft qiymətlərinə dair getdikcə bədbinləşən proqnozları ən azı qısamüddətli dövrdə büdcə hesablamaları zamanı qiymətin daha aşağı həddinin götürülməsi daha real görünür. Bu baxımdan, 2026-cı il dövlət büdcəsinin neftin 60 dollarlıq qiyməti ilə proqnozlaşdırılması fiskal dayanıqlığı təmin etmək baxımından daha rasional olardı. Amma hətta 65 dollardan götürülmək perspektivində belə biz növbəti dövr üzrə qiymətləndirmələrdə büdcənin real alıcılıq gücünün aşağı düşdüyünü görürük. Hökumət 2026-2029-cu illərdə büdcənin 39 milyard manatdan 44 milyard manata qədər artırmağı planlaşdırır. Bu, çox kiçik artım tempidir, nominal ifadədə büdcənin real alıcılıq gücünün azalması deməkdir. Çünki biz inflyasiyanı nəzərə alaraq büdcənin alıcılıq gücünü qoruduğumuz halda 2029-cu ildə büdcə xərclərinin 49 milyard manata çatdırılmalı olduğunu hesablayırıq. Bu isə o deməkdir ki, hökumətin açıqladığı proqnozlar dəyişməzsə, 2029-cu ildə Azərbaycanın dövlət büdcəsinin real alıcılıq gücü faktiki olaraq 9,7 faiz azalacaq. Bütün bu göstəricilərin bizə dediyi budur ki, hökumət növbəti ortamüddətli dövrə daha ehtiyatlı yanaşır, neftin qiymətinin azalması perspektivini nəzərə alır”.

Ekspertə görə, yaxın 5 illik müddətdə hökumət əsaslı xərclərin azaldılması siyasətinə üstünlük verəcək: “Hökumət növbəti beş ildə daha çox əsaslı xərclərin azaldılması istiqamətində strategiya ortaya qoyur. Büdcənin əsaslı xərclərinin 14,3 milyard manatdan 12,6 milyard manata qədər - təxminən 13 faiz azaldılması planlaşdırılır. Eyni zamanda neft qiymətlərinin azalmasının büdcə gəlirlərinə təsiri də hiss olunur. 2025-ci ildə büdcənin neft sektorundan gəlirlərinin 18,8 milyard manat olacağı gözlənilir. Bu göstərici 2029-cu ildə 15,9 milyard manat proqnozlaşdırılıb ki, bu da  15,6 faiz azalma deməkdir. Bütövlükdə götürdükdə biz ortamüddətli büdcə çərçivəsi sənədinin təhlilindən hökumətin əslində ortamüddətli dövrə baxışı ilə bağlı müəyyən mesajları görürük. Bu mesajlar hazırkı konyukturla müəyyən mənada uzlaşır. Belə ki, neftin uzunmüddətli dövrdə ucuzlaşması, resurs gəlirlərinin azalması, büdcə xərclərinin sərt artımının qarşısının alınması, real ifadədə hətta büdcənin kiçildilməsi nəzərdə tutulur”.

R.Həsənov hesab edir ki, neft gəlirlərinin azalması fonunda Neft Fondundan büdcəyə transfertlərin artırılması gözlənilən deyil: “Hökumət Fonddan transfertləri artırmaqdansa, qeyri-neft sektorundan yığımları artırmaqla bağlı mövqe ortaya qoya bilər. Əslində bugünkü şərtlər daxilində biz proqnozlaşdırmanın detallarına diqqət yetirdikdə görürük ki, inflyasiyanın özünün yaratdığı qeyri-neft iqtisadiyyatındakı dövriyyə  bu və ya digər şəkildə vergi bazası, dövlət büdcəsinin müvafiq mənbədən yığımlarının artmasına gətirib çıxarır. Əlavə olaraq, hökumətin qeyri-leqal iqtisadiyyatın leqallaşdırılması kimi ciddi gəlir mənbəyi formalaşdırmaq imanı var. Rəqəmsallaşma, eyni zamanda hökumətin real istəyi sayəsində büdcənin vergi gəlirlərini leqallaşma vasitəsilə ciddi şəkildə artırmaq mümkündür. 

Növbəti dövrlərdə biz mövcud konyukturu nəzərə alsaq, əsas iqtisadiyyata dövlətdən kapital qoyuluşunun azalmasını müşahidə edə bilərik. Burada infrastruktura qoyuluşların daha çox azalması gözləniləndir. 

Düşünürəm ki, yeni sosial paketlər açıqlananda artım faizlərinin daha kiçik rəqəmlərlə ifadə olunması da atılan addımlardan biri olacaq". 

Qeyd edək ki, bu ilin birinci yarısında büdcənin icrası prosesini təhlil edən Hesablama Palatası bir sıra risklərlə bağlı xəbərdarlıq edib. Palata qeyd edib ki, gəlirlərin illik artımında əsas pay daha çox neft gəlirlərinə aiddir. Belə ki, dövlət büdcəsinin gəlirləri 2025-ci ilin 6 ayında 961,1 milyon manat artıb ki, bunun da 728,9 milyon manatı və ya 75,8 faizi neft gəlirləri, xüsusilə də Dövlət Neft Fondu hesabına təmin edilib.

Bundan əlavə, gəlirlərin icrası zamanı hüquqi aktlarda dəyişikliklər diqqətdə saxlanılmır: “2025-ci ilin 6 ayında da dövlət büdcəsinin gəlirlərinə ləğv edilmiş dövlət rüsumu (1,2 milyon manat) daxil edilib, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklər diqqətdə saxlanılmayıb".

Palata həmçinin vurğulayıb ki, bəzi xərc istiqamətləri üzrə büdcə intizamının aşağı olması davam edir. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 17,1 milyard manat icra edilib ki, bu, cari il üçün təsdiq edilmiş məbləğin 41,3 faizini təşkil edir.

Nəzarət orqanı qanunvericilikdə təsbit edilmədiyi halda vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına vəsait yönəldilməsini də risk hesab edir: “Hesabat dövründə 1 milyard 395,4 milyon manat olmaqla, vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına vəsait yönəldilib. ”Büdcə sistemi haqqında" qanunda sərbəst qalıqdan daxili borcun azaldılmasına vəsait yönəldilməsi nəzərdə tutulmayıb".

Palata qeyd edib ki, qapalı hərrac mexanizminin tətbiqi uzunmüddətli perpektivdə risklərə səbəb olur: “2025-ci ilin ilk yarısında həyata keçirilmiş qapalı hərrac əməliyyatları qısamüddətli öhdəliklərin idarə olunmasında və borc portfelinin dayanıqlığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edib, həmçinin uzunmüddətli istiqrazların emissiyası vasitəsilə bazarda maliyyə sabitliyinin gücləndirilməsi və qısamüddətli risklərin azaldılması baxımından effektiv alət kimi çıxış edib. Lakin bazara yeni investorların cəlb edilməməsi maliyyə axınlarının əsasən dövlət qurumları arasında dövr etməsinə gətirib çıxarıb, bu isə likvidlik imkanlarını məhdudlaşdırmaqla yanaşı, borc bazarının şaxələnməsi potensialını azaldaraq əməliyyatın davamlılığının qiymətləndirilməsində ehtiyatlı yanaşmanın vacibliyini ön plana çıxarıb”.

Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, bu ilin 8 ayında dövlət büdcəsinin gəlirləri 26 milyard 359,4 milyon manat təşkil edib ki, bu da səkkiz aylıq proqnozdan 698,7 milyon manat və ya 2,7 faiz çoxdur.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 milyard 561,1 milyon manat təşkil edərək proqnozdan 592,1 milyon manat və ya 5,4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 30,3 milyon manat təşkil edərək proqnozdan 7,2 milyon manat və ya 31,0 faiz, sair daxilolmalar 528,7 milyon manat təşkil edərək proqnozdan 317,5 milyon manat və ya 2,5 dəfə çox, Dövlət Neft Fondundan transfert isə 9 654,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 160,6 milyon manat təşkil edərək proqnoza qarşı 98,1 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 424,7 milyon manat təşkil edərək proqnoza qarşı 75,6 faiz icra olunub.

Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 8 ayı ərzində 23 milyard 725,9 milyon manat proqnoza qarşı 22 milyard 308,0 milyon manat məbləğində icra edilib ki, bu da 94 faiz təşkil edir.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Seçilən
47
musavat.com

1Mənbələr