AZ

Cəbrayıl–Zəngilan–Ağbənd yolunda hansı işlər görülüb? –FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi uzunluğu 123,6 km olan Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisini 95 % icra edib.

Bizim.Media bu barədə agentliyə istinadən xəbər verir.

Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu yol (Zəngəzur dəhlizi) strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək. Layihə müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur. Yolun ümumi uzunluğu 149,9 km təşkil edir ki, bunun 123,6 km-i əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir, bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır.

• Yolun eni: 14–21 metr

• Torpaq yatağının eni: 21,5–29,5 metr

• Hərəkət zolaqlarının sayı: 4–6

Bu göstəricilər nəqliyyatın rahat və fasiləsiz axını üçün əlverişli şərait yaradır.

Layihə çərçivəsində aşağıdakı mühüm mühəndis qurğuları inşa olunur:

• 260 dairəvi boru (ümumi uzunluğu 16 723 m)

• 55 düzbucaqlı boru (3 526 m)

• 55 alt keçid (3 781 m)

• 28 körpü (2 090 m)

• 8 yol qovşağı (26 336 m)

• 1 500 metr istinad divarı

• 3 tunel (ümumi uzunluğu 12 032 m)

Yolun inşasında yüksək keyfiyyətli materiallardan və qabaqcıl texnologiyalardan istifadə olunur. Torpaq yatağının hazırlanması, layların sərilməsi və yol geyimi işləri əsasən tamamlanıb.

• Asfalt işləri: 950 000 m³

• Torpaq işlərinin ümumi həcmi: 61 386 373 m³

Bu göstəricilər yolun möhkəmliyini və uzunömürlülüyünü təmin edən əsas faktorlardandır.

Layihənin mühüm hissəsini təşkil edən tunellər üzrə işlər əsasən yekunlaşıb:

• Tunel T1: Sol - 1 004,2 m | Sağ - 1 030,6 m

• Tunel T2: Sol - 1 809,5 m | Sağ - 1 838,5 m

• Tunel T3: Sol - 3 178 m | Sağ - 3 172 m

Bu tunellərdə qazma və püskürtmə beton işləri artıq tamamlanıb.

Körpülərə gəldikdə, 28 körpüdən 22-nin tikintisi başa çatıb, 6-sında isə işlər davam etdirilir. Körpülərin 16-sı su ötürücü, 12-si isə yol ötürücüsüdür.

Bundan əlavə, 55 alt keçidin, 258 dairəvi və 47 düzbucaqlı borunun tikintisi də artıq tamamlanıb.

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu, Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistralının bir hissəsi kimi, Azərbaycanın digər bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihə təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də regionda iqtisadi inteqrasiyanın sürətlənməsi, yeni ticarət marşrutlarının formalaşması və strateji əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yolun tam istismara verilməsi yaxın gələcəkdə region üçün yeni iqtisadi və geosiyasi imkanlar yaradacaq.















Bizim.Media

Seçilən
35
13
bizim.media

10Mənbələr