Bu axşam dünyanın ən nüfuzlu klub turniri - UEFA Çempionlar Liqasının 2025/26-cı illər mövsümünün əsas (qrup) mərhələsinə start verilir. Nəhənglərin baş-başa gəldiyi yarışın iştirakçıları arasında Azərbaycan təmsilçisi də var. Ölkə futbolunun şəksiz lideri "Qarabağ" 8 illik fasilədən sonra futbolun elitasında qüvvəsini sınayacaq. Tarixi gündü.


Portuqaliya və...


121 yaşlı "Benfika" Portuqaliya futbolunun 3 nəhəngindən ("Portu" və "Sportinq"lə birlikdə) biri, rekord sayda - 38 dəfə ölkə çempionu, 26 dəfə ölkə kubokunun, 8 dəfə liqa kubokunun, 10 dəfə ölkə superkubokunun sahibi, bu Pireney ölkəsinin ən nüfuzlu idman klublarından biri, böyük ənənələrə malik klubu, dünyanın istənilən komandası üçün ağır, çətin rəqibdi. Oyunlarını 68 100 tamaşaçı tutumu olan məşhur "Estadio da Luj"da keçirir. Ciddi azarkeş dəstəyi var, tərəfdarları klubu çox sevir, ən pis vaxtlarında da maddi və mənəvi dəstəklərini əsirgəmirlər. Bunun sayəsində "Benfika" Avropanın ən gəlirli klublarından biridir və maddi baxımdan problem yaşamır, istədiyi oyunçular üçün 30-35 milyonluq transfer haqları ödəməkdən çəkinmirlər. 


...Avropa nəhəngi


"Qartallar" ləqəbli bu klubun qitə miqyasında da uğurları nəzərəçarpacaq dərəcədədi. 1961 və 1962-ci illərdə Çempionlar Kubokuna (indiki ÇL) sahib çıxan "Benfika", əlavə 5 dəfə də bu yarışın finalında oynayıb. Komanda 3 dəfə də Avropa Liqasının finalına qədər irəliləyib və orada məğlub olub. Bəzən bu yenilgiləri futbolla yanaşı meydandankənar, mistik amillərlə - məşhur "Quttmann lənəti" ilə də bağlayırlar. Belə ki, ardıcıl 2 ÇK qazandırandan sonra komandanın ovaxtkı baş məşqçisi Bela Quttmann klubdan ayrılır. Səbəb rəhbərliyinin bu uğurlara görə məşqçiyə əlavə mükafat ödəmək istəməməsi olur və mütəxəssis narazı qalaraq məşhur "mənsiz 100 il heç bir Avropa kubokunu qazana bilməyəcəksiniz" cümləsini işlədir. Bu cümlə lənətə çevrilir və o vaxtdan bəri "Benfika" çıxdığı heç bir finalı qələbə ilə başa vura bilməyib.

Buna baxmayaraq, "qartallar" Avropanın ən güclüləri sırasında olmağı bacarırlar. Hazırda UEFA klub reytinqində 10-cu pillədədirlər və "Qarabağ"ın bu mövsümkü rəqibləri arasında bu baxımdan yalnız "Liverpul"dan (5) geri qalır.


Bahalı heyət


Yuxarıda da qeyd etdik ki, "Benfika" imkanlı klubdu və heyətini yaxşı futbolçularla gücləndirə bilir. Son olaraq "Şaxtyor"dan Georgi Sudakovu alan qırmızılar, bunun üçün Ukrayna təmsilçisinə 33 milyon avro ödəməklə yadda qalıblar. Komandanın ümumi bazar dəyəri 345 milyon avrodur. Heyətdə qapıda Anatoli Trubin, müdafiədəAntonio Silva, Nikolas Otamendi, yarımmüdafiədə Riçard Rios, Enzo Barreneçea, hücumda isə Bruma, Franyo İvanoviç, Vangelos Pavlidis və digər bahalı oyunçular yer alırlar. 


Öz məşqçiləri


Baş məşqçi Bruno Lajidi. Ona klubun öz məşqçi yetirməsi də demək olar. Çox qısa futbolçuluq karyerası olan mütəxəssis, müxtəlif vaxtlarda "Benfika"nın az qala bütün aşağı yaş qruplarında çalışıb, təcrübə toplayıb. Sonralar İngiltərə və Braziliyada özünü sınayan Laji, ötən ilin sentyabrında doğma klubuna qayıdıb. Onun rəhbərliyi altında mövsümü 2-ci bitirən komanda ÇL-ə vəsiqə qazanıb. Təsnifat mərhələsində əvvəlcə "Nitsa" (2:0, 2:0), sonra isə "Fənərbaxça"nı (0:0, 1:0) üstələyən qırmızılar əsas mərhələyə yüksələ biliblər. Laji adətən 4-3-3 sxeminə və hücumameylli oyuna üstünlük versə də, son aylarda 4-4-2-ni daha çox sınayır, həmçinin müdafiəyə daha çox fikir verir. Təsadüfi deyil ki, onun komandası bu mövsüm ÇL və daxili çempionatda keçirdiyi 8 matçda qapısında cəmi 2 top görüb. Amma vurduqları qol sayı da çox deyil: cəmi 12. 


Necə oynayırlar?


Yuxarıda da qeyd etdiyimiz kimi, Laji öz komandasının arxa xəttinin etibarlılığını düşünsə də, bəzən hücuma həddindən artıq aludə olması ilə də diqqət çəkir. Qabağa kollektiv şəkildə gedirlər. Cinah müdafiəçiləri Dal və Dediç (Arauxo) meydançanın rəqibə aid olan hissəsində daha çox vaxt keçirirlər. Sərtlikləriylə seçilən orta xətt oyunçularına malik "Benfika" onların da hücumda iştirakına ümid edir. Rəqib üzərində basqı yaradır, bu zaman bütün mümkün variantlardan istifadə edirlər. Asmalar, standart vəziyyətlər, eyni zamanda, cinah keçidləri və qısa paslaşmalarla cəhdlərə ara vermir, intensiv futbol nümayiş etdirirlər. Faydalı iş əmsalı yüksək olan Kərəm Aktürkoğlunun gedişindən sonra Pavlidisi "yemləmə" funksiyası İvanoviçin üzərinə düşüb. Laji bu səbəbdən cüt forvardla oynamaq qərarına gəlib ki, bu, heç də hər zaman uğurlu alınmır və azarkeşlər tərəfindən narazılıqla qarşılanır. Ümumiyyətlə, hazırda "Benfika"nın yenidənqurma mərhələsində olduğunu və keçid mərhələsini tam arxada qoymadıqlarını söyləmək olar. Kərəmdən başqa Kabral, Karreras, Di Mariya, Kökçü, Yurasek və digərlərini də yola salan qırmızılar onların yerini doldurmaq üçün transferlər edib. Ancaq yenilərin adaptasiya prosesi başa çatmayıb, demək olar başlanğıc mərhələsindədir. Lajinin müxtəlif sistemləri sınaması da bu səbəbdəndir. Məşqçi ilk olaraq müdafiədəki oyunu oturtmaq, öncə qol buraxmamaq, daha sonra qol vurmaq fikrini ön plana çıxarsa da, azarkeş təzyiqi işi dəyişir. Camiə "Benfika"nı rəngarəng və baxımlı futbol oynayan, geri çəkilməyən komanda kimi görmək istəyir. Ona görə də Laji və köməkçiləri iki alovun arasındadılar. 


Necə oynamalıyıq?


Bir az qəribə səslənəcək, amma "Benfika" az top buraxan və təcrübəli oyunçulardan qurulan müdafiəsində boşluqlar verən komandadı. Xüsusilə də cinahlarda. Əks-hücumlar zamanı arxada az adamla qalan portuqaliyalıları bu məqamla yaxalamaq olar. "Qarabağ" müdafiədən çıxarkən Yankoviç və Bikalyonun önə yox, yanlara uzun ötürmələri dayaqdakı Enzo və Riosun ilkin müdaxilə imkanlarını minimuma endirə bilər. Andrade və Zubirin cinahlardakı aktivliyi istənilən hücumda nəticə gətirə bilər. Fərdi oyun keyfiyyətləri yaxşı olan bu yarımmüdafiəçilərdən çox şey asılı olacaq. "Benfika"nı mütəmadi təzyiq altında saxlamağımız çətin görünür. Ona görə də qol vurmaq üçün əsas yolumuz məhz bu metoddu. "Qarabağ"ın cokeri gəldiyi gündən gözlənilənləri tam verməyən Bikalyo olmalıdı. Onun CV-sindəki uzun ötürmələr nəhayət, işə düşməli, öz xeyrini gətirməlidi. 


İtkiləri var


Rəqibin heyəti tam deyil. Dediç və Lükebakio yeni, Bah, Manu, Nunu Feliks və Bruma isə köhnə zədələrini sağaltmaqla məşğuldular. Onların heç biri komandanın oyunöncəsi son məşqində iştirak etməyiblər. Böyük ehtimalla, onları axşamkı matçda da sırada görməyəcəyik.


Təzyiq altındadılar


"Benfika" bu gün tək komanda yox, klub olaraq da gərginlik altında olacaq. Son "Santa Klara" bərabərliyi ciddi narazılıq doğurub. 10 nəfərlə qalan rəqibi "Da Luj"da yenə bilməyən qırmızılar bunun əvəzini məhz bizimlə matçda çıxmağa məcburdular. Üstəlik, son aylarda klubda yeni prezident seçkiləri havası əsir. Oktyabrda baş tutacaq hadisə hazırkı rəhbər Ruy Koştanı vəzifəsindən edə bilər. Yeni namizədlər aktivləşib, son 1 həftədə "Mançester Siti"dən Bernardu Silvanı, həmçinin baş məşqçi kimi "Mançester Yunayted"dən Ruben Amorimi gətirəcəkləri sözünü verdikləri açıqlama və xəbərlər yayılıb. Bu durum həm futbolçulara, həm məşqçilər, həm də rəhbər heyətə təsir edir, onları əlavə təzyiq altında saxlayır. "Qarabağ"la matç hamısına dərindən nəfəs aldıracaq. Ona görə də hücuma atılmalı, gözəl qələbə qazanaraq bu yolla camiələrinin könüllərini almalıdılar. Bu isə bizə əlavə şans yaradır. Üstümüzə gələn rəqib müdafiədə səhvlər edəcək və bizə fərqlənmək imkanları verəcək. Qalır onlardan yararlanmaq. Xüsusilə ilk 20 dəqiqədə dağılmasaq, oyun xeyrimizə çevrilə bilər. Şans həmişə var.