AZ

Dünyanı silkələyən hadisədən üç il ötdü Bir qadın İranı necə qarışdırdı?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Düz üç il əvvəl bu gün – 2022-ci il sentyabrın 16-da İranda 22 yaşlı Məhsa Əmininin ölümü misilsiz etiraz dalğasına səbəb oldu. O, “əxlaq polisi” tərəfindən hicab qaydalarını pozduğu iddiası ilə saxlanıldıqdan sonra müəmmalı şəkildə həyatını itirdi. Hadisə həm İranda, həm də qlobal miqyasda qadın hüquqları, insan azadlıqları və avtoritar siyasətin sərhədləri ilə bağlı geniş müzakirələrə yol açdı”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, etirazların səbəbləri çoxqatlı idi:

“Məhsa Əmininin ölümü bir qığılcım rolunu oynasa da, prosesin arxasında İrandakı dövlət və cəmiyyətdə hökm sürən dərin struktur problemlər dayanırdı. Ən mühüm amillər arasında gender bərabərsizliyi və məcburi hicab siyasəti, avtoritar idarəçilik və siyasi repressiyalar, beynəlxalq sanksiyaların ağırlaşdırdığı iqtisadi böhran, yüksək inflyasiya və işsizlik, eləcə də etnik və regional narazılıqlar xüsusi yer tuturdu. Məhsa Əmininin kürd kimliyi etnik azlıqların da daha aktiv şəkildə etirazlara qoşulmasına zəmin yaratdı.

Hadisələrin gedişi göstərdi ki, etirazlar qısa müddətdə ölkənin müxtəlif şəhərlərinə yayıldı və “Qadın, Həyat, Azadlıq” şüarı əsas simvola çevrildi. İranın o zamankı hakimiyyəti bu hərəkatı güclə yatırmağa çalışdı; minlərlə insan həbs olundu, yüzlərlə etirazçı öldürüldü. Lakin bütün bunlara baxmayaraq, cəmiyyətdə həmrəylik və qadınların sosial rolu ilə bağlı yeni müzakirələr başladı. Bir çox qadın ictimai yerlərdə hicabı açıq şəkildə çıxarmağa başladı ki, bu da dövlətin ənənəvi ideoloji nəzarətinin zəiflədiyini göstərirdi. Hadisələr siyasi müstəvidə İran hakimiyyətinin legitimliyinə ciddi zərbə vurdu, dövlətin güc tətbiqi ilə vəziyyəti müvəqqəti nəzarət altına alması sosial narazılığın qalıcı olaraq dərinləşməsinə mane olmadı”.

Ekspert hesab edir ki, bir qadının qətli ilə başlanan bu prosesin İran cəmiyyətinə və dövlətinə təsirləri dərin oldu:

“Cəmiyyət səviyyəsində qadın hərəkatı gücləndi, xüsusən gənc nəsildə azadlıq tələbləri daha açıq ifadə olunmağa başladı. Ənənəvi qorxu baryerləri müəyyən qədər dağıldı. Dövlət isə repressiv metodları gücləndirsə də, ideoloji hegemonluğunun zəiflədiyini anladı. Bu hadisə İranda yeni bir “siyasi yaddaş” formalaşdırdı və dini-siyasi nizamın cəmiyyətin dəyişən tələblərinə cavab verməkdə çətinlik çəkdiyini üzə çıxardı.

Beynəlxalq ictimaiyyət də bu prosesi diqqətdən kənar saxlamadı. ABŞ, Avropa İttifaqı və digər Qərb ölkələri insan haqları pozuntularını pislədi və yeni sanksiyalar tətbiq etdi. BMT və beynəlxalq hüquq müdafiə təşkilatları hadisəni araşdırmağa və İran hökumətini hesabatlı olmağa çağırdılar. Dünyanın müxtəlif ölkələrində həmrəylik aksiyaları keçirildi, bu isə İran etirazlarını qlobal feminist və insan haqları hərəkatları ilə əlaqələndirdi.

Nəticə etibarilə, Məhsa Əmininin ölümü və ardınca baş verən etirazlar təkcə bir gənc qadının faciəsi deyil, həm də İran cəmiyyətində gender bərabərsizliyi, siyasi azadlıqların məhdudluğu və iqtisadi-sosial problemlərin kəskinləşmiş təzahürü idi. Hadisələr göstərdi ki, İran rejimi qısa müddətdə güclə nəzarəti saxlaya bilsə də, cəmiyyətin transformasiya tələbini uzunmüddətli perspektivdə boğmaq getdikcə çətinləşir.

Bu proses ümumilikdə iki məsələni tam çılpaqlığı ilə ortaya qoydu: birincisi, İran hakimiyyəti, xüsusilə də dini hakimiyyət insanların qətli üzərindən öz mövcudluğunu qorumaqda çox qərarlı və israrlıdır. Eyni zamanda da kütlə arasında hələ də sarsılmayan dayaqları var. Son müharibə də bunu sübut etdi. İkincisi isə İran xalqı son anda və məqamda özündə güc toplayaraq zülmə və zillətə baş əyməyəcəyini mütəşəkkil şəkildə olmasa da göstərə bildi”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr