AZ

Rəşad Sadıqov büdcəni doldurdu, nə qorxdu, nə də çəkindi!

Tədricən forma toplayan, oyununa sürət qatan «Zirə» görməkdəyik. Salifu Suma və Rafael Utziq kimi iki aparıcı fiquru olmadan yeni mövsümə start verən komandanın rəngi indi-indi özünə gəlməkdədir.
Rəşad Sadıqov nə etdiyini, nə edəcəyini öncədən bilən, ölçüb-biçən məşqçilərdəndir. Suma və Utziqi yayda satmaqdan çəkinmədi, klubun büdcəsinə böyük pullar qazandırdı.
Onlar yoxdusa da, Georgi Papunaşvili, İssa Cibrila və başqaları var. Son vaxtlar, ümumiyyətlə, bu ikili daha çox rəğbət qazanmaqdadır. «Zirə» üçün necə əhəmiyyətli simaya çevrildiklərini də «Qarabağ»la matç təsdiqlədi.
Qonaqlar çempiondan nə qorxdu, nə də çəkindi. Bir xeyli qol vəziyyətinə girdilər. Amma nə epizodlar qaçırdılar… Rəşad Sadıqovun saç-saqqalı ağarmasın, neyləsin?! «Qarabağ»la oyuna çıxmısansa, fərqlənmək üçün fürsət yaxalamısansa, onu qola çevirməlisən. Birini vurmusansa, kifayətlənməməlisən. İkincini, üçüncünü vurmalısan. Çünki «Qarabağ» hesabda 0:1 geri düşməyi özünə dərd eləmir, topa nəzarəti ələ keçirir, davamlı üstünə gəlir və qapıçını yorur. Tiaqo Silvanın görün üzərinə nə boyda yük düşdü! Portuqaliyalı kiper qazdan ayaq tərpənməsəydi, hər şey tərsinə dövran edəcəkdi oyunun son 1 saatında.
«Zirə» hazırkı oyun stilindən vaz keçməməlidir. Bu, onları daha güclü hala gətirəcək. Qol yollarında faydalı iş əmsalları yüksəkdir, fürsətləri dəyərləndirmək faizini də yuxarı çəkə bilsələr, çempionluq mübarizəsinə yaxın məsafədən qırmaq atacaqlar.

ELXAN

Seçilən
6
sportinfo.az

1Mənbələr