AZ

Günəşlə bağlı yeni KƏŞF - Forması belə imiş

Sankt-Peterburq Dövlət Elektrotexnika Universiteti "LETI" və Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun alimləri Günəşlə bağlı elm tarixində ilk dəfə qeydə alınan nadir fiziki xüsusiyyəti müəyyən ediblər. Onların apardığı araşdırmalar nəticəsində məlum olub ki, Günəşin formaca azacıq yastılaşdığı (sıxıldığı) ox, onun fırlanma oxu ilə üst-üstə düşmür.

Far.Az xəbər verir ki, bu barədə məlumatı "LETI"nin mətbuat xidməti "Gazeta.ru" portalına açıqlayıb.

Araşdırma, Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsini yenidən yoxlamaq məqsədilə aparılıb. Bu məqsədlə alimlər Günəşə ən yaxın planet olan Merkurinin hərəkəti ilə bağlı yüksək dəqiqlikli kosmik məlumatlardan istifadə ediblər. Paralel olaraq, günəş sistemi üçün təkmilləşdirilmiş dinamik model tətbiq olunub.

Məlumdur ki, Yer, Yupiter kimi fırlanan göy cisimləri mərkəzdənqaçma qüvvəsinin təsiri ilə qütblərində bir qədər yastılaşır və bu yastılaşmanın oxu adətən həmin cismin fırlanma oxu ilə üst-üstə düşür.

Lakin Günəşdə bu qayda işləmir. Araşdırmalar göstərib ki, Günəşin də yastılaşması var, lakin bu sıxılmanın istiqaməti fırlanma oxu ilə eyni deyil. Fırlanma oxu, adətən Günəşdəki ləkələrin hərəkəti ilə müəyyən olunur, lakin sıxılma oxu ondan kənara çıxır.

Alimlərin fikrincə, bu kəşf Günəşin daxili quruluşunun əvvəl düşünüləndən qat-qat mürəkkəb olduğunu göstərir. Yastılaşma oxunun bu şəkildə fərqlənməsi, Günəşin dərin qatlarında kütlənin qeyri-bərabər paylanması və ya daxili təbəqələrin fərqli sürətlə fırlanması ilə bağlı ola bilər.

Bu cür effektlər daha əvvəl heç bir göy cisminə xas olmayıb və bu da Günəşi elmi baxımdan unikal obyektə çevirir.

Tədqiqatçılar bildiriblər ki, bu tip fiziki xüsusiyyətlər Günəşdəki maqnit sahələrinin mənşəyini anlamaqda da mühüm rol oynaya bilər.

Bu kəşf elm dünyasında Günəşin davranışlarını və daxili mexanizmlərini daha dərindən öyrənmək üçün yeni mərhələnin başlanğıcı hesab olunur.

Seçilən
21
1
far.az

2Mənbələr