AZ

Zəngəzur dəhlizində tikinti işlərinin 95 faizi icra olunub

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 123,6 kilometr olan əsas yolun tikintisi hazırda 95 faiz səviyyəsində tamamlanıb.

Zəngəzur dəhlizi layihəsinin ümumi uzunluğu 149,9 kilometr təşkil edir ki, bunun 123,6 kilometri əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir, bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır.

- Yolun eni: 14–21 metr

- Torpaq yatağının eni: 21,5–29,5 metr

- Hərəkət zolaqlarının sayı: 4–6

Bu göstəricilər nəqliyyatın rahat və fasiləsiz axını üçün əlverişli şərait yaradır. Layihə çərçivəsində aşağıdakı mühüm mühəndis qurğuları inşa olunur:

- 260 dairəvi boru (ümumi uzunluğu 16 min 723 metr)

- 55 düzbucaqlı boru (3 526 metr)

- 55 alt keçid (3 781 metr)

- 28 körpü (2 090 metr)

- 8 yol qovşağı (26 min 336 metr)

- 1 500 metr istinad divarı

- 3 tunel (ümumi uzunluğu 12 min 32 metr)

Yolun inşası ilə bağlı torpaq yatağının hazırlanması, layların sərilməsi və yol geyimi işləri əsasən tamamlanıb.

- Asfalt işləri: 950 000 kubmetr

- Torpaq işlərinin ümumi həcmi: 61 386 373 kubmetr

Bu göstəricilər yolun möhkəmliyini və uzunömürlülüyünü təmin edən əsas faktorlardandır. Layihənin mühüm hissəsini təşkil edən tunellər üzrə işlər əsasən yekunlaşıb:

- Tunel T1: Sol - 1 004,2 metr | Sağ - 1 030,6 metr

- Tunel T2: Sol - 1 809,5 metr | Sağ - 1 838,5 metr

- Tunel T3: Sol - 3 178 metr | Sağ - 3 172 metr

Bu tunellərdə qazma və püskürtmə beton işləri artıq tamamlanıb. Körpülərə gəldikdə, 28 körpüdən 22-nin tikintisi başa çatıb, 6-sında isə işlər davam etdirilir. Körpülərin 16-sı suötürücü, 12-si isə yol ötürücüsüdür. Bundan əlavə, 55 alt keçidin, 258 dairəvi və 47 düzbucaqlı borunun tikintisi də artıq tamamlanıb.

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu, Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistralının bir hissəsi kimi, Azərbaycanın digər bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Layihə təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də regionda iqtisadi inteqrasiyanın sürətlənməsi, yeni ticarət marşrutlarının formalaşması və strateji əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yolun tam istismara verilməsi region üçün yeni iqtisadi və geosiyasi imkanlar yaradacaq.

 

Seçilən
47
13
azertag.az

10Mənbələr