AZ

Mbappe Anrini arxada qoydu, Jiruya yaxınlaşdı

Kilian Mbappe Fransa yığmasında qol sayına (52) görə təmiz 2-ci yerə yüksəldi.

İslandiya ilə dünya çempionatının seçmə mərhələ oyununda (2:1) fərqlənən 26 yaşlı forvard “Arsenal”ın və “Barselona”nın sabiq oyunçusu Tyerri Anrini (51) arxada qoydu.

Mbappe bir neçə gün əvvəl, yəni sentyabrın 5-də Ukrayna yığmasının qapısına yol tapmaqla Anriyə çatmışdı. Kilian həmin oyundan sonra əfsanəni arxada qoymaq niyyətində olduğunu demişdi:
“Tyerriyə çox minnətdaram. Ancaq indi onu ötmək istəyirəm”.
Hər halda, daha yaşlı həmkarına hörmətini gizlətməmişdi:
“Anri kimi oyunçu ilə bərabər tutulmaq mənim üçün böyük şərəfdi. Hamı onun biz fransızlar, xüsusən də hücumçular üçün necə böyük önəm daşıdığını bilir. O, bir yolun əsasını qoyub, ona böyük hörmət və heyranlıq duyuram”.
Mbappeni bombardirlər siyahısında 2-ci yerə çıxaran qoldan sonra açıq-aydın demək olar ki, futbolçunun yığma karyerası çox möhtəşəmdi. O, təkcə Anrini arxada qoymadı, həm də bu işin öhdəsindən daha tez gəldi – 123 oyuna qarşı 89 oyun.

Bundan başqa, Mbappenin cəmi 26 yaşı var. O, 19 yaşında yığma ilə dünya çempionu olub, həmçinin 2022-ci ildə finala qədər irəliləyib. Kilian gənc yaşda belə çox şeyə nail olduğuna görə özü də şokdadı:
“Bu yaşda belə hədəflərə çatmaq ağılsızlıqdı. Ancaq bu mənim xoşuma gəlir. Belə ruhda da davam etmək, oyunlar və titullar qazanmaq istəyirəm”.
İndi qarşıda duran əsas vəzifə yığmanın bombardirləri siyahısında lider olan Olivye Jirunu (57) arxada qoymaqdı. “Arsenal”ın və “Milan”ın sabiq hücumçusunun hələ ötən il yığma karyerasını bitirdiyini nəzərə alsaq, Kilian özü-özü ilə yarışır. Və o, bu yarışa tam hazırdı:
“Rekord yaxındadı, ancaq bu haqda düşünmürəm. Bilmirəm ki, nəyə görə. Ya rekordu tezliklə yeniləyə biləcəyimi anladığıma görə, ya da sadəcə, bundan da vacib şeylər var”.
Mbappe elə bu payız rekordu təkrarlaya bilər: iş ondadı ki, Fransa yığması iki dəfə Azərbaycanla, həmçinin Ukrayna və İslandiya ilə qarşılaşacaq. Kilianın bu oyunlarda 5 qol vurması o qədər də çətin vəzifə deyil. Yaxşı olardı ki, rekordu təkrarladığı və ya yenilədiyi qolu qapımıza vurmasın. Onsuz da Fransanın futbol tarixində “xüsusi yerimiz” hazırdı...

Mbappe milli rekorda doğru yol gedərkən artıq buna çatanlar da var. Biri elə Niderland yığmasının hücumçusu Memfis Depaydı. “Korintians”ın futbolçusu Litva ilə səfər oyununda dublla yadda qaldı, komandası 3:2 hesablı qələbə qazandı. Yığmada qol sayını 52-yə çatdıran Depay bombardirlər sırasında Robin van Persini (50) arxada qoydu. Yohan Kroyff, Marko van Basten, Ruud van Nistelroy kimi əfsanələr də ondan arxadadı.

Maraqlı göstəricidi – hər halda, Depay dahilik səviyyəsinə görə əfsanələrə çata bilməz. Ruud Qullit də belə deyir:
“Memfis niderlandlı oyunçuların ilk “5-liy”inə daxil deyil. Onun özünü böyük turnirlərdə göstərməyə başlaması lazımdı, məhz orda irsin əsası qoyulur. Marko van Basten, Aryen Robbem, Robin van Persi möhtəşəm olub, ona görə ki, əsas turnirlərdə çıxışa görə yadda qalıblar”.
Kim nə deyir-desin, reallıq budu ki, indi 31 yaşlı Depay Niderland yığmasının tarixində bir nömrəli bombaridrdi. Tezliklə Fransa yığmasında da lider dəyişəcək. Bunun üçün payızı gözləmək lazımdı.
Seçilən
44
football-plus.az

1Mənbələr