AZ

İFA “Çelsi”nin ünvanına 74 (!) ittiham irəli sürdü

Premyer-liqada yeni mövsümə yetərincə inamlı başlayan, hətta çempionluğa iddialılar sırasında göstərilən “Çelsi”nin başı dərddədi.

Belə ki, İngiltərə Futbol Assosiasiyası (İFA) London klubuna agentlərlə, vasitəçilərlə iş, həmçinin danışıqlara 3-cü tərəfin cəlb olunması ilə şərtlənən pozuntularla bağlı 74 ittiham irəli sürüb. Bütün bu epizodlar kluba rusiyalı Roman Abramoviçin rəhbərlik etdiyi dövrdə həyata keçirilən transfer əməliyyatlarına aiddi. Söhbət 2009-2022-ci illər aralığında vasitəçilərlə iş və oyunçulara qoyulan investisiyalar baxımından qaydalara əməl olunmamasından gedir. Xüsusən də İFA-nın 2010/11 və sonrakı beş mövsüm ilə bağlı sualları çoxdu.

Xatırladaq ki, hələ ötən ilin martında Britaniya mediası klubun premyer-liqadan uzaqlaşdırılmağa qədər ən müxtəlif sanksiyalarla üzləşə biıəcəyi haqda yazmış, amma onda iş rəsmi ittihama qədər gedib çıxmamışdı. İndi isə İFA rəsmi şəkildə “Çelsi”dən 74 qayda pozuntusu ilə bağlı sentyabrın 19-na qədər izahat verməyi tələb edib.

Bəs klubun bu məsələ ilə bağlı mövqeyi necədi? Londonluların rəsmi açıqlamasında deyilir ki, 2022-ci ilin mayında Todd Boulinin konsorsiumu “Çelsi”ni alarkən maliyyə hesabatlılığı baxımından potensial problemlər aşkarlanıb. Yeni menecment özü həm İFA-nı, həm də premyer-liqanın rəhbərliyini, maliyyə tənzimləyicilərini bundan xəbərdar edib, onlar üçün sənədlərlə tanış olmaq imkanı yaradıb:
“Çelsi” bütün bu prosesin gedişində heç bir presedenti olmayan şəffaflıq göstərib, o cümlədən bütün fayllar və klubun arxiv materialları ilə tanışlıq imkanı yaradıb. Bu işin tezliklə başa çatdırılması üçün İngiltərə Futbol Assosiasiyası ilə əməkdaşlığı davam etdiririk. 10 ildən də əvvəl baş verən hadisələrə xüsusi diqqət yetirildiyi bu mürəkkəb işlə bağlı əməkdaşlığa görə İFA-ya rəsmi şəkildə minnətdarlıq edirik”.
Onu da vurğulayaq ki, “Çelsi” 2023-cü ilin iyulunda Roman Abramoviçin dövrünə aid “natamam maliyyə hesabatına” görə artıq UEFA-ya 10 milyon avro ödəyib. Qitə futbol qurumu onda klubun maliyyə pozuntuları ilə bağlı vaxtından əvvəl xəbər verməsini xüsusi qeyd etmişdi.

Premyer-liqanın icraçı direktoru Riçard Masters isə 2023-ün avqustunda təsdiqləmişdi ki, “tarixi” problemlərin təhqiqatı davam edir. Bu işə İFA da qoşulub ki, indi artıq rəsmi şəkilfə ittihamı açıqlayır.

Xatırladaq ki, Roman Abramoviç 2003-22-ci illər aralığında “Çelsi”nin sahibi olub. Klub onun dönəmində qızıl era yaşayıb: londonlular 5 dəfə İngiltərə çempionluğunu qazanıb, Çempionlar Liqasında və Avropa Liqasında qalib gəlib. Ancaq illər ötəndən sonra həmin dövrdə biznes əməliyyatlarının nə dərəcədə şəffaf aparılmasıyla bağlı suallar yaranıb.
Seçilən
18
1
football-plus.az

2Mənbələr