AZ

Manaf Manafov: " Prezident İlham Əliyevin Xocavəndə səfəri Qarabağa qayıdışın yeni səhifəsini yazdı "



Azərbaycan tarixi bir mərhələnin şahididir. 2020-ci ildə əldə edilən Qələbə ilə işğaldan azad olunan Qarabağ torpaqlarında son beş ildə aparılan quruculuq və bərpa işləri artıq öz real nəticəsini göstərməkdədir. Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə mütəmadi səfərləri həm siyasi baxımdan ölkəmizin suverenliyinin rəmzi, həm də iqtisadi-mədəni inkişafın açıq göstəricisidir. Bu səfərlər sadəcə açılış mərasimləri deyil, eyni zamanda Azərbaycan xalqının iradəsinin, dövlətin qətiyyətinin və milli birliyin təntənəsidir. Əhalinin doğma torpaqlarına qayıdışını təmin edən “Böyük Qayıdış” Proqramı artıq yüzlərlə ailənin Qarabağa köçü ilə davam edir. Bu, yalnız məskunlaşma prosesi deyil, həm də Azərbaycanın milli iradəsinin təsdiqi, suverenliyinin bərpası və xalqın öz dədə-baba torpağında xoşbəxt yaşamaq əzminin təntənəsidir. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Böyük Qayıdış Proqramı da uğurla icra edilir. Biz təqribən iki aydan sonra tarixi Zəfərimizin beşillik yubileyini qeyd edəcəyik.”

Bu fikirləri aia.az-ın əməkdaşı ilə söhbətində Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Fikirlərini davam etdirən Manaf Manafovi bildirib ki, sentyabrın 14-də cənab Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut və Sos kəndlərinin sakinləri ilə görüşdü. Bu görüşün rəmzi mənası var: Azərbaycan vətəndaşları artıq öz evlərinə dönüb, dövlət isə onların rifahı üçün bütün imkanları səfərbər edib. Prezidentin sözləri bu gerçəkliyi ifadə edir: “Doğma Qarabağ torpağında artıq gəlib yerləşdiniz. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır.” Bu çıxış bir daha göstərdi ki, Azərbaycanın əldə etdiyi qələbə yalnız hərbi deyil, həm də siyasi və mənəvi zəfərdir. Dövlət başçısı açıq şəkildə bəyan etdi: “Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq.” Hadrut məscidinin açılışı isə İslam İrsinin qorunması və mənəvi dirçəliş kimi tarixə düşdü. Cənab Prezident İlham Əliyevin Xocavəndə səfəri çərçivəsində mühüm hadisələrdən biri də Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışı oldu. Məscidin təməli dövlət başçısı tərəfindən 2021-ci ilin oktyabrında qoyulmuşdu. Bu dini ocağın bərpası təkcə bir ibadətgahın istifadəyə verilməsi deyil, həm də işğal illərində erməni vandalizminə məruz qalan milli və dini irsimizin dirçəldilməsi deməkdir. Məscidin memarlıq üslubunda milli ornamentlərin qorunması, ibadət üçün müasir şəraitin yaradılması Azərbaycanın həm mədəni, həm də mənəvi dəyərlərinə verdiyi əhəmiyyəti təsdiqləyir. Burada 210 nəfərin eyni vaxtda ibadət etməsi mümkündür. Bu açılış göstərdi ki, dövlət dini-mədəni irsin bərpasına xüsusi diqqət ayırır və Qarabağın hər guşəsi yeni həyatla nəfəs alır.

Manaf Manafov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirakı da olduqca mühüm əhəmiyyətə malikdir və bu səfərin ən önəmli məqamlarından biridr. Cənab Prezident universitetin Klinikasının binasında, eləcə də Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunda yaradılan şəraitlə tanış oldu. Bu addım yalnız təhsil prosesinin bərpası deyil, həm də bölgənin gələcəyinə yönəlmiş strateji qərardır. Əminliklə demək olar ki, Qarabağ Universiteti müasir Azərbaycan təhsilinin regionda əsas dayağına çevriləcək. Burada fəaliyyət göstərəcək Klinika isə təkcə tələbələrin praktiki biliklərinin artırılması deyil, eyni zamanda əhalinin tibbi xidmətlə təmin olunması baxımından da mühüm rol oynayacaq. Bu, Qarabağın sosial həyatının dirçəlişinə böyük töhfədir. Universitetin fəaliyyəti gənclərin Qarabağa cəlb olunması, elm və biliklərin inkişafı baxımından çox əhəmiyyətlidir. Cənab Prezident İlham Əliyev bu istiqamətdə dəfələrlə qeyd edib ki, “əsas səbəb xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır.” Qarabağ Universiteti məhz bu missiyaya xidmət edəcək. Cənab Prezident İlham Əliyevin Xocavəndə səfəri Qarabağda aparılan quruculuq işlərinin, “Böyük Qayıdış” proqramının uğurla icrasının, milli birliyin və dövlətin qətiyyətinin bariz nümunəsidir. Görüşlər, açılışlar və verilən mesajlar bir daha göstərdi ki, Azərbaycanın Qarabağda qurduğu yeni həyat dayanıqlıdır və gələcəyə yönəlib. Bu gün Qarabağda qurulan şəhərlər, yollar, məscidlər, məktəblər və universitetlər Azərbaycanın gücünü, xalqın iradəsini və milli suverenliyinin sarsılmazlığını əks etdirir-deyə Manaf Manafov fikirlərini tamamlayıb.



Seçilən
21
aia.az

1Mənbələr