“Övladlarım Türkiyədə təhsil alır. Orda da dərs ili başlayıb. Amma təyyarə biletinin bahalığından mən hələ onları yola sala bilməmişəm. Heç olmasa, tələbələr üçün quru yol açılsaydı, dərdimizə dərman olardı”.
Bunu Bakıvaxtı.az-a iki oğlu Türkiyədə ali təhsil alan valideyn İmran Səftərov deyir.
Övladı xaricdə təhsil alan valideynlərin demək olar, əksəriyyəti bunu arzulayır.
Bəs, tələbələr üçün quru sərhədlər açıla bilərmi?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Fazil Musatafa bildirib ki, təhsil, elm dalınca gedənlər üçün, tələbələr üçün hər şey etmək lazımdır. Onun sözlərinə görə, hökumət də bu məsələni ciddi şəkildə düşünməlidir və müəyyən addımların atılması vacibdir.
F.Mustafa qeyd edib ki, tələbələrin böyük məsrəflə təhsil dalınca getməsi onların valideynləri üçün ciddi problem yaradır.
Deputat hesab edir ki, ən azı təhsil başlayan müddətdə tələbənin sənədlərlə təsdiq olunmuş şəkildə təhsil almağa getdiyi məlumdursa, onlara quru sərhədlərdən keçid icazəsi verilməlidir:
“Kiminsə, oxumaqla bağlı sıxıntı çəkməsinə imkan vermək olmaz. Bu, tələbələrin təhsildən geri qalmaması üçün vacib addımdır”.
Fazil Mustafa: Təhsillə bağlı insanların tələbi varsa, ona köməklik göstərməliyik
Müsahibimiz bu məsələdə ciddi güzəştlərin nəzərdə tutulmasını vacib sayır. Deputat vurğulayıb ki, təhlükəsizlik və digər səbəblərlə sərhədlərin bağlanmasını başa düşmək olsa da, təhsili öldürmək, çökdürmək olmaz.
F.Mustafa əlavə edib ki, təhsillə bağlı insanların tələbi varsa, ona köməklik göstərilməlidir:
“Bu səbəbdən mən təhsilə gedən tələbələr üçün quru sərhədlərinin açılmasını çox vacib hesab edirəm. Həmin şəxs sənədini göstərirsə ki, təhsil üçün gedir, ona bu sahədə köməklik əli uzadılmalıdır”.