AZ

Qeyri-qanuni obyektlərdə poçt xidmətləri lisenziya itkisinə səbəb ola bilər

BAKI, 16 sentyabr. TELEQRAF

Qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə poçt göndərişlərinin təhvil verilməsi yolverilməzdir və analoji hallar təkrarlanarsa, lisenziyaların dayandırıla və ya ləğv edilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) poçt rabitəsi xidmətlərinin göstərilməsi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə poçt rabitəsi operatorları ilə aparılan müzakirələr zamanı qeyd edilib.

Görüş zamanı vətəndaşlardan daxil olan şikayətlər əsasında bəzi poçt rabitəsi operatorlarının qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə bağlamaları təhvil verməsi ilə bağlı narazılıq hallarının artması və bu sahədə mövcud çətinliklər müzakirə olunub. Sözügedən problemlərin aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, həmçinin operatorlar qarşılaşdıqları çətinliklər haqqında məlumat veriblər. Poçt rabitəsi operatorlarının nəzərinə çatdırılıb ki, qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə poçt göndərişlərinin təhvil verilməsi yolverilməzdir və analoji hallar təkrarlanarsa, lisenziyaların dayandırılması və ya ləğvi haqda məsələ qaldırılacaq.

Məsələ ilə bağlı “Temu” elektron ticarət platformasının məsul nümayəndələri ilə də müzakirələr aparılıb. Danışıqlar zamanı poçt rabitəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri “Temu” təmsilçilərinin diqqətinə çatdırılıb. Qarşı tərəf də öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini və problemlər yaranan zaman onların qısa müddətdə aradan qaldırılması üçün İKTA ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Əlavə olaraq qeyd olunub ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş məlumat əsasında sürətli poçt xidməti fəaliyyət növü üzrə verilmiş lisenziyaların siyahısı Agentliyin veb-saytında dərc olunur və “Temu” əməkdaşlıq etdiyi poçt rabitəsi operatorlarının lisenziya məlumatlarını bu siyahı ilə dəqiqləşdirə bilər.

Aparılan müzakirələrin nəticəsi olaraq 217 obyekt haqqında məlumat “Temu” elektron ticarət platformasından yığışdırılıb. Həmçinin gələcəkdə analoji problemlərin qarşısının vaxtında alınması və vətəndaş müraciətlərinin effektiv cavablandırılması məqsədilə İKTA və “Temu” arasında qarşılıqlı işbirliyinə dair razılıq əldə edilib.

Seçilən
41
15
teleqraf.com

10Mənbələr