AZ

Prezidentin Şuşada verdiyi tarixi mesajlar – 15 sentyabr detalı…

Prezident İlham Əliyev sentyabrın 15-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraqdaroğlunu Şuşada qəbul etdi və “Cənubi Qafqazda artıq sülh dövrü başlayıb” mesajını verdi. Bu, sıradan hadisə deyil.

KONKRET.az xəbər verir ki, bu sözləri Asif Nərimanlı deyib:

Birincisi, burada simvolika ön plana çıxır.

15 sentyabr Bakının işğaldan azad olunması tarixidir. Prezident İlham Əliyev türk ordusunun Baş Qərargah rəisini məhz 15 sentyabrda Şuşada qəbul etməklə torpaqlarımızın azad olunmasında Türkiyənin Azərbaycana verdiyi siyasi dəstəyə diqqət çəkir və konkret mesaj verir: qardaşlığımız bir əsr öncə necə idisə, indi də elədir və bundan sonra da əbədi olacaq!

Bu, Cənubi Qafqazda baş verən son proseslər, xüsusilə sülh gündəliyini pozmağa çalışan oyunçuların Azərbaycana qarşı mümkün təzyiq cəhdləri qarşısında Bakının “güclü duruş” sərgiləməsi kimi də qəbul edilə bilər.

İkincisi, Prezidentin “Cənubi Qafqazda artıq sülh dövrü başlayıb” mesajı çoxvektorlu xarakter daşıyır.

Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra rəsmi Bakı regionda sülh dövrünün başlanması ilə bağlı fikirləri müxtəlif platformalarda, müxtəlif səviyyələrdə dilə gətirir: bu, anlaşmanın əldə edildiyi reallığının beynəlxalq ictimaiyyətə çatdırılmasına hesablanıb, bu baxımdan, Şuşadakı qəbul zamanı eyni fikrin Prezident tərəfindən dilə gətirilməsi də Bakı-İrəvan xəttindəki mövcud vəziyyəti gündəmə daşımaq gedişi idi.

Lakin məqsəd təkcə bir cümləlik mesajla mövcud vəziyyəti izah etmək deyil, eyni zamanda, bu reallığı qəbul etmək istəməyən qüvvələrə “regionda sülhün qarantı Azərbaycan və Türkiyədir” mesajının ünvanlanmasıdır. Və İlham Əliyevin bunu məhz Şuşadan – Zəfərin zirvəsindən etməsi isə “müharibə qələbə ilə bitdi, indi sülh zamanıdır” deməkdir.

Seçilən
27
4
konkret.az

5Mənbələr