Bakı, 15 sentyabr, AZƏRTAC
İnsanların tarixində olduğu kimi, dövlətlərin tarixində də mühüm dönüş nöqtələri vardır. Dövlətləri və millətləri bir-birinə yaxınlaşdıran ən önəmli amil çətin günlərdə birlikdə hərəkət edə bilməsidir. Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakının azad edilməsindəki rolu Azərbaycan-Türkiyə qardaşlığının müasir dövrdə ilk parlaq nümunəsi oldu.
Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında türk ekspert Hüsaməddin İnaç bildirib.
Onun sözlərinə görə, Ənvər Paşa və Nuru Paşanın rəhbərliyi ilə həyata keçirilən həmin əməliyyat yalnız Bakının azadlığı deyil, həm də Azərbaycan dövlətçiliyinin bərpasında həlledici mərhələ idi. “Təəssüf ki, Sovet İttifaqı dövründə Azərbaycan-Türkiyə münasibətləri formal müstəviyə enmişdi. Lakin qəlblərimizdə birlik və qardaşlıq ruhu hər zaman yaşayırdı”, - deyə H.İnaç əlavə edib.
Ekspert qeyd edib ki, Azərbaycanın müstəqilliyini bərpa etməsi nəticəsində Türkiyə ilə münasibətləri yeni mərhələyə qədəm qoyub: “1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı baş verdiyi dövrdə Türkiyə daxilində çətinliklər yaşayırdı və dəstək imkanları məhdud idi. Lakin 2000-ci illərdən etibarən hərbi əməkdaşlığın güclənməsi, birgə təlimlərin keçirilməsi və digər sahələrdə əməkdaşlığın genişlənməsi münasibətləri daha da möhkəmləndirdi”.
2020-ci ildə 44 günlük Vətən müharibəsinin region üçün tarixi dönüş nöqtəsi olduğunu diqqətə çatdıran Hüsaməddin İnaç əlavə edib: “Bu müharibə təkcə Azərbaycan-Türkiyə münasibətlərini deyil, bütövlükdə Türk dünyasının birliyini gücləndirdi. Türkiyə və Azərbaycanın sinerjisi nəticəsində yalnız Ermənistan deyil, həm də onun arxasında dayanan güclər geri çəkilməyə məcbur oldu. Bu, Türk dünyasının birlikdə nələrə qadir olduğunu göstərdi.
Bu gün Türkiyə və Azərbaycan türk dövlətlərinin inteqrasiya prosesində nüvəni təşkil edir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi ölkələrin də bu prosesə qoşulması ilə geniş bir əməkdaşlıq modeli formalaşır. Bunun əsasını isə Azərbaycanın Qarabağ Zəfəri qoyub”.
Türk ekspert sonda bildirib: “Bizim üçün şəhidlik anlayışı ən ali dəyərlərdən biridir. Necə ki, Türkiyəni Vətənimiz kimi görürüksə, Azərbaycanı da öz Vətənimiz bilirik. Hər iki dövlət uğrunda canını fəda etmiş şəhidlərimiz bu qardaşlığın ən möhkəm dayağıdır. Bakının işğaldan azad edilməsinin 107-ci ildönümünü təbrik edir, müstəqilliyimizin və qardaşlığımızın daimiliyini arzulayıram”.