Qazaxıstan Respublikasının Astana şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” layihəsi üzrə növbəti danışıqlar keçirilib.
Məlumata görə, Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Qazaxıstan tərəfindən isə Maliyyə Nazirliyinin səlahiyyətli şəxsləri iştirak ediblər.
Müzakirələrin nəticəsi olaraq Konvensiya layihəsinin vergitutma ilə bağlı olan əksər müddəaları üzrə razılıq əldə olunub. Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçib və hər iki tərəf açıq qalan maddələrin qısa müddətdə razılaşdırılması istiqamətində səylərin artırılması barədə razılığa gəliblər.
Səfər çərçivəsində Qazaxıstanın Milli Gəlirlər Komitəsinin səlahiyyətləri şəxsləri ilə “Transfer qiymətləri” mövzusunda fikir mübadiləsi də aparılıb. Müzakirələr zamanı transfer qiymətləri üzrə hər iki ölkənin təcrübələri nəzərdən keçirilib və gələcəkdə bu sahədə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi razılaşdırılıb.
"Cebheinfo.az"