AZ

Kremlin yeni strateji hədəfi: Ukraynadan sonrakı mərhələ Qərbə doğru genişlənmədir

Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurma təkcə Ukrayna ilə məhdudlaşmır. Moskvanın Polşa və Rumuniya sərhədlərində həyata keçirdiyi kəşfiyyat xarakterli uçuşlar və sərhəd pozuntuları NATO daxilində narahatlığı daha da artırır. Bu vəziyyət yeni müharibə riskini gündəmə gətirməklə yanaşı, Şərqi Avropada təhlükəsizlik balansını sarsıdır. Ekspertlərin fikrincə, Kreml Ukraynadan sonrakı mərhələdə Qərbə doğru təsir dairəsini genişləndirməyə çalışa bilər.

Siyasi şərhçi Samir Hümbətov Editor.az-a açıqlamasında bildirib ki, Polşa və Rumuniyanın narahatlıqları əsassız deyil:

“Onlar haqlı olaraq təhlükə hiss edirlər. Çünki hazırkı vəziyyət onu göstərir ki, Rusiya artıq mütəmadi şəkildə NATO sərhədlərini pozmağa başlayıb. Bu isə yeni müharibə riski üçün ciddi zəmin yaradır. Burada söhbət təkcə sərhəd pozuntusundan getmir, həm də Rusiyanın kəşfiyyat xarakterli addımlarından gedir ki, bu da Avropanı narahat edən əsas faktordur. Əgər bu təxribatlar davam etsə, Ukraynadan sonra qarşıdurma riski yüksək olan ölkələrdən biri Polşa, digəri isə Rumuniya ola bilər. Çünki bu bölgələr əvvəldən də Moskvanın hədəfində olub”.

Ekspertin sözlərinə görə, Rusiya Ukrayna məsələsini öz maraqlarına uyğun şəkildə həll edə bilsə, növbəti hədəfin Polşa, Rumuniya, Baltikyanı ölkələr və hətta Finlandiya ola bilməyəcəyinə heç kim zəmanət verə bilməz:

“Rusiyanın əsas məqsədi bu ərazilərdə kəşfiyyat aparmaqla regionu nəzarətdə saxlamaq və sonrakı mərhələdə qərbə doğru genişlənməkdir. Bu isə həm NATO, həm də Avropa İttifaqı üçün ciddi strateji təhdid yaradır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr