Bakı, 16 sentyabr, AZƏRTAC
“Qarabağ” dəfərlərlə sübut edib ki, “Benfika” səviyyəsində olan komandalarla başabaş mübarizə apara bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə "Qarabağ"da oynamış braziliyalı veteran futbolçu Danilo Dias keçmiş komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda bu gün Portuqaliyada “Benfika”ya qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.
O, Ağdam təmsilçisinin Lissabon səfərindən xalla ayrılacağına inandığını bildirib: “Benfika” Portuqaliyanın böyük klubudur, bu faktdır. Amma “Qarabağ” istənilən komanda ilə rəqabət aparmaq gücündədir. Azərbaycan çempionu pley-off mərhələsində Macarıstan “Ferensvaroş”unu mübarizədən kənarlaşdırmaqla əla komanda olduğunu bir daha dübut etdi. “Qarabağ” bütün dünyaya, digər ölkələrin jurnalistlərinə və azarkeşlərinə göstərir ki, Azərbaycanda belə böyük komanda, bu klubda isə peşəkar idarəçilik var. Klubun balansında müasir məşq mərkəzi və keyfiyyətli stadionlar var”.
Braziliyalı veteran hücumçu “Qarabağ”ın bu mövsüm də Azərbaycan çempionu olacağına ümid etdiyini söyləyib: “Çünki orada ölkənin ən yaxşı baş məşqçisi çalışır. Qurban Qurbanov həm yaxşı insandır, həm də komandanı ağılla idarə edə bilir, digər çempionatlardan güclü futbolçular gətirməyi bacarır”.
Qeyd edək ki, bu gün “Da Luş" stadionunda keçiriləcək "Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.