AZ

Bessent: “Ukraynada müharibəni 2-3 aya bitirmək olar”

AzVision.az bildirir ki, ABŞ-nin Maliyyə naziri Skott Bessent “Reuters” və “Bloomberg” agentliklərinə eyni vaxtda verdiyi müsahibədə belə deyib.

“ABŞ administrasiyası Avropa ölkələri Çin və Hindistana qarşı oxşar tədbirlər görməsə, Pekinin Rusiya neftinin alışını azaltması üçün Çin mallarına əlavə gömrük rüsumları tətbiq etməyəcək. Biz avropalıların töhfə verəcəyini gözləyirik və avropalılarsız irəli getməyəcəyik”,- amerikalı nazir vurğulayıb.

Eyni zamanda, o, xatırladıb ki, Tramp Rusiyanı əsas maliyyə mənbəsi olan neft gəlirlərindən məhrum etmək üçün Çin və Hindistana qarşı50%-dən 100%-ə qədər rüsumların tətbiqində israrlıdır.

Bununla belə, Skott Bessent bəzi Avropa ölkələrinin birbaşa Rusiya neftini almalarını, habelə Hindistanda Rsuiya xammalından hazırlanan neft məhsullarının idxalını tənqid atəşinə tutub. Onun sözlərinə görə, bu cür hərəkətlər faktiki olaraq müharibənin davam etdirilməsinə töhfə verir.

- Sizə zəmanət verirəm ki, Avropa Rusiya neftinin alıcılarına əhəmiyyətli səviyyədə ikinci dərəcəli rüsumlar tətbiq etsə, müharibə 60 və ya 90 günə bitəcək”,- ABŞ-nin Maliyyə naziri bildirib.

Tramp:“Rusiya təcavüzkardır”
Bessent həmçinin qeyd edib ki, ABŞ Rusiya şirkətlərinə, o cümlədən “Rosneft” və “Lukoyl” kimi iri neft şirkətlərinə qarşı sanksiya təzyiqinin artırılması məsələsində avropalı tərəfdaşlarla əməkdaşlığa hazırdır.Bundan əlavə, 2022-ci ildə Ukraynaya hərbi müdaxilədən sonra Rusiyanın xaricdə dondurulmuş suveren aktivlərindən daha fəal şəkildə istifadə edilməsinə hazırlıq məsələsi müzakirə olunur.

Onun sözlərinə görə, mümkün variantlardan biri 300 milyard dollarlıq ümumi fonddan bu vəsaitlərin bir hissəsinin çıxarılması və ya Ukraynaya kreditlər üçün girov kimi istifadə oluna biləcək xüsusi hüquqi struktura köçürülməsidir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir gün əvvəl jurlaistlərlə söhbətində Rusiyaya qarşı məhdudiyyətləri sərtləşdirəcəyini vəd etsə də,əvvəlcə Avropanın Rusiya neftini almağı dayandırması və öz sanksiyalarını sərtləşdirməsi şərtini qoyub.

Bir həftə əvvəl isə ABŞ-nin Energetika naziri Kris Rayt Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsində Avropa ölkələrinə özlərindən başlamağı tövsiyə edib.

Maraqlıdır ki, “Reuters” agentliyinin iddiasına görə,bütün sanksiyalara baxmayraq , Rusiyanın hələ də ABŞ və Avropa İttifaqı (Aİ) ilə ticarətdən milyardlarla dollar qazanc götürür.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
72
1
azvision.az

2Mənbələr