AZ

İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir

İsrail

“Qəzzanın işğalından sonra İsrail iqtisadiyyatı ağır sınaqla üz-üzə qalacaq”.

Reyting.az
bildirir ki, belə bir xəbərdarlıq İsrailin təxminən 80 tanınmış iqtisadçısının imzaladığı məktubda yer alıb.

İqtisadçılar bildiriblər ki, İsrail dövlətinin Qəzza zolağı üzərində nəzarəti ələ alması ölkəyə nəhəng maliyyə yükü gətirəcək və bu proses dərin iqtisadi böhrana, iqtisadi artımın zəifləməsinə, həmçinin vergilərin artırılmasına, kredit reytinqinin daha da aşağı düşməsinə səbəb olacaq.

Müraciət edənlər arasında Hayfa Universitetinin sabiq rektoru, iqtisadi siyasət üzrə ekspert və professor Manuel Traxterberq, Herçliya şəhərində fəaliyyət göstərən Müstəqil Mərkəzin iqtisadiyyat fakültəsinin dekanı və professoru Tsvi Ekşteyn, İsrailin sabiq maliyyə naziri və hökumət məsləhətçisi olan professor Avi Ben-Basat, Rayhman Universitetinin, eyni zamanda, Birləşmiş Krallığın Varvik Universitetinin professoru Omer Moav, həmçinin Rayhman Universitetinin sabiq rektoru vəzifəsini tutmuş professor Rafi Melnik də var.

"Walla" nəşrinin sitat gətirdiyi məktubda qeyd olunur ki, Qəzzanın işğalı ölkəni "beyin axını" ilə üz-üzə qoyacaq və ehtiyatda olan hərbçilərin orduya cəlb edilməsi, eləcə də digər hərbi xərclər on milyardlarla şekel tələb edəcək. Alimlərin fikrincə, məhz elə bunun nəticəsində hökumətin vergiləri qaldırmaqdan başqa çıxış yolu olmayacaq. Bu cür göstərici nəticəsində isə İsrailin ÜDM-i, həmçinin əmək məhsuldarlığı getdikcə azalacaq.

İqtisadçıların hesablamalarına görə, bu müharibənin nəticələri, Qəzzanın idarəsi və saxlanılması israilli vergi ödəyicilərinə 60 milyard şekelə başa gələcək. Üstəlik, Avropa İttifaqı tərəfindən gözlənilən, İsrailə qarşı tətbiq ediləcək sanksiyaların səbəbindən xarici ticarətlə bərabər, həm də birbaşa investisiyalar çox ciddi zərbə alacaq. Kredit reytinqinin enməsi, daha sonra isə investisiyaların azalması əmək bazarına, səhiyyə, təhsil, eyni zamanda sosial təminat sahələrinə birbaşa təsir göstərəcək.

İsrailli iqtisadçılar xüsusilə vurğulayıblar ki, bütün bunlarla yanaşı, belə pessimist proqnozlar fonunda real araşdırmalar aparanda, müəyyən nəticə əldə edəndə, bu cür şəraitdə nisbətən yalnız yeganə bir sahə, yüksək texnologiyalar sektoru ümidverici görünür.

Mütəxəssislərin fikrincə, bu sahə hələ də dünyanın müxtəlif yerlərindən investisiya cəlbinə davam edəcək.

Oqtay QORÇU
Seçilən
81
reyting.az

1Mənbələr