AZ

Özəl pensiya fondlarının işləməsi çətin olacaq - Ekspert

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özəl pensiya fondlarının yaradılması ilə bağlı hazırladığı qanun layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. Qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirə olunacağı gözlənilir.
Müşahidələrə görə, bəzi vətəndaşlar arasında belə təsəvvür formalaşıb ki, özəl pensiya fondları daha çox pensiya almağa imkan verəcək. 

İqtisadçı ekspert Eldəniz Əmirov Modern.az-a bildirib ki, Azərbaycanda özəl pensiya fondlarının işləməsi və dayanaqlı olması çətin olacaq:

“Özəl pensiya fondları investisyaların yatırılması üçün sahələrin çox olmasına baxmayaraq, yatırım üçün vəsaitin olmadığı ölkələrdə daha çox ikişaf edir. İnvestisya fondlarının işləməsi üçün münbit şərait yaradır. Belə ortamda tələb var və insanlar da o istiqamətdə pensiyalarını etibar edirlər, pullarının pul qazandıracağını və öz pullarını da alacaqlarını düşünürlər. Amma inkişaf etməkdə olan, xüsusilə də banklarda likvidliyin yuxarı olduğu, depozit portfelinin daha yüksək olduğu ölkələrdə özəl pensiya fondlarının dvidentli və dayanaqlı işləməsi çətindir. Bu kontekstdə hər dəfə qeyd etmişəm, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda özəl pensiya fondlarının işləməsi, dayanaqlı olması çətindir".

Bununla yanaşı, ekspert onu da vurğulayıb ki, özəl pensiya fondlarının Azərbaycanda işləməsi heç də qeyri-mümkün deyil:

“Bunu mümkün edən ən önəmli faktorlardan biri dövlət pensiya fondlarının insanların tələblərini tam qarşılaya bilməməsidir. Çünki insanlar sözün həqiqi mənasında illər ərzində yatırdığı vəsaiti istədikləri vaxt ala bilmirlər. Bununla yanaşı, pensiya yaşına çatmağa bir gün qalmış belə vəfat etsələr, ailələri heç cür ondan faydalana bilmir. Bu vəziyyət özəl pensiya fondlarını aktuallaşdırır, tələbi artırır. İnsanlar istədikləri vaxt vəsaiti götürmək istəyirlər. Şəxsin başına bir iş gəldiyi halda həmin vəsaitdən heç olmasa ailəsinin yararlanma imkanı olmalıdır. Ödədikləri vəsaiti istədiyi vaxt geri ala bilmək faktoru özəl pensiya fondlarını dövlət pensiya fondlarından fərqləndirən, irəli çəkən əsas faktordur. Bu faktor hesab edirəm ki, müəyyən qədər müsbət qiymətləndirə bilər”.

Seçilən
37
modern.az

1Mənbələr