2025-ci ilin ilk səkkiz ayında Azərbaycana idxal olunan bananın həcmi və dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Eyni artım onun qiymətində də müşahidə edilib.
Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə 34,1 min ton, dəyəri isə 33,4 mln. dollar olan banan gətirilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcmin 46% artması, dəyərin isə 78% yüksəlməsi deməkdir.
Ölkələr üzrə idxal strukturuna baxdıqda, əsas pay əvvəlki kimi Ekvadora məxsusdur. 2025-ci ildə bu ölkədən 33,8 min ton banan idxal olunub, dəyəri isə 33 mln. dollara yaxın olub. Bu, ötən ilin göstəriciləri ilə müqayisədə həcmin 46%, dəyərin isə 78% artması deməkdir. Kosta-Rikadan idxal 41% artaraq 240 tona, dəyər isə 76% artaraq 248 min dollara yüksəlib.
İranda isə əksinə, kəskin azalma müşahidə olunub. 2024-cü ildə 1,25 ton (7,5 min dollar) banan idxal olunmuşdusa, 2025-ci ildə bu rəqəm 0,18 tona (1,1 min dollar) enib. Tailanddan idxal da zəifləyib – 0,51 tondan 0,1 tona düşüb. Yeni ölkələr sırasında isə Filippin, Hindistan, Kolumbiya, Misir və Türkiyə var ki, əvvəlki ildə bu ölkələrdən idxal qeydə alınmamışdı.
Bir tonun orta qiymətinə gəlincə, 2024-cü ildə bu göstərici təqribən 802 dollar olub. 2025-ci ildə isə bir tonun orta qiyməti 978 dollar təşkil edib. Beləliklə, idxal olunan bananın bir tonunun orta qiyməti 22% bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, banan keçən il daxili bazarda orta qiymətə bir kiloqramı 2.88 olduğu halda, bu il bahalaşaraq 2.92 manata yüksəlib.