AZ

Zəiflik, yorğunluq və davamlı bel ağrısı bu xəstəliyin əlaməti imiş...

Zəiflik, yorğunluq və davamlı bel ağrısının əsas səbəbi paratiroid adenoması, ürək və böyrəkləri səssizcə təsir edən bir xəstəlik ola bilər. Bu vəziyyət illər boyu aşkar edilə bilməz, lakin əslində sadə bir qan testi ilə aşkar edilə bilər.

Yenisabah.az bu barədə araşdırıb.

Belə ki, paratiroid adenoması paratiroid vəzilərində yaranan xoşxassəli şişdir. Paratiroid vəzilər qalxanabənzər vəzinin arxasında yerləşir və bədəndə kalsium-fosfor balansını tənzimləyən paratiroid hormonu (PTH) ifraz edirlər. Adenoma ən çox hallarda yalnız bir vəzidə inkişaf edir və bu zaman artıq PTH istehsalına səbəb olur. Nəticədə qanda kalsium səviyyəsi yüksəlir və bu vəziyyət “primer hiperparatiroidizm” adlanır. Marqarita pizza

Paratiroid adenomasının yaranma səbəbləri tam dəqiq bilinməsə də, genetik faktorların mühüm rolu olduğu göstərilir. Xüsusilə çoxlu endokrin neoplaziya sindromları (MEN1, MEN2A) ilə əlaqəli ola bilər. Radiyasiya təsiri, uzun müddət kalsium çatışmazlığı və bəzi digər amillər də risk faktorları kimi qeyd olunur. Xəstəlik daha çox qadınlarda və orta yaşdan yuxarı şəxslərdə rast gəlinir.

Xəstəliyin simptomları bəzən uzun müddət nəzərə çarpmaya bilər. Əlamətlər əsasən qanda kalsiumun artması ilə bağlıdır. Bu zaman xəstələrdə yorğunluq, halsızlıq, yuxusuzluq, diqqət və yaddaş problemləri, depressiya, tez-tez sidiyə çıxma, susuzluq, qəbizlik, həzm pozuntuları, böyrək daşları və sümük ağrıları meydana çıxa bilər. Uzun müddət müalicə olunmadıqda sümük sıxlığının azalması (osteoporoz), böyrək fəaliyyətinin zəifləməsi və ürək ritmi pozğunluqları inkişaf edə bilər.

Diaqnoz üçün ilk növbədə laborator analizlər aparılır. Qanda kalsiumun yüksəkliyi və PTH hormonunun normadan artıq olması əsas göstəricidir. Bundan başqa, fosfor, vitamin D və böyrək funksiyası da yoxlanılır. Görüntüləmə metodlarından boyun ultrasəsi və Tc-99m sestamibi skanı ən çox istifadə olunur. Zəruri hallarda 4D-KT və ya MRT də tətbiq edilə bilər. Əlavə olaraq, sümük sıxlığı ölçülür və sidikdə kalsium miqdarı təyin edilir.

Paratiroid adenomasının əsas müalicə üsulu cərrahi əməliyyatdır. Zədələnmiş vəzin çıxarılması ilə əksər hallarda xəstəlik tam sağalır. Əgər yalnız bir vəzidə adenoma varsa, minimal invaziv əməliyyatla problemi aradan qaldırmaq mümkündür. Bütün vəzilər böyümüşdürsə, cərrahlar adətən dörd vəzidən 3,5-ni çıxarır, az miqdarda paratiroid toxumasını isə saxlayırlar ki, bədəndə hormon balansı tamamilə pozulmasın. Əməliyyatdan sonra bəzi xəstələrdə qısa müddət kalsium və vitamin D əlavələri tələb oluna bilər.

Ümumilikdə, paratiroid adenoması vaxtında aşkarlanıb əməliyyat olunduqda yaxşı proqnoza malikdir. Müalicədən sonra kalsium səviyyəsi normallaşır, sümük və böyrək fəsadlarının inkişaf riski azalır və xəstələrin həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
25
yenisabah.az

1Mənbələr