Bəri başdan deyim ki, mən "təhsil eksperti" deyiləm. Belə bir status daşımaq fikrim də yoxdur. Mənim təhsillə bağlı yazdıqlarım jurnalist və QHT sədri kimi ictimai maraqlara söykənir. Bu müstəvidə vətəndaşlarımızın Kontitusiyamızın 42-ci maddəsində nəzərdə tutulan təhsil hüququnu müdafiə edirəm.
Azərbaycanın Elm və Təhsil Naziri, sayğılı Emin Amrullayev deyir ki, ali məktəblərin pedoqoji ixtisaslarının məzunları Müəllimlərin İşə Qəbul İmtahanlarından minimum bal toplaya bilmirlər. Problemləri etiraf etmək, ictimai müzakirəyə çıxarmaq yaxşı tendensiyadır. Bunu dəfələrlə təqdir etmişəm, yenə təqdir edirəm.
Lakin məqsəd MİQ imtahanlarının keçirilməsinə haqq qazandırmaq olmamalı, yəni məsələnin formal tərəfləri yox, məğzi dartışılmalıdır. Odur ki, bir daha deyirəm: MİQ imtahanları təhsilimizə müsbət heç nə vəd etmir, resurs itkisi, gərginlik mənbəyi, Azərbaycan Respublikası adından Elm və Təhsil Nazirliyinin öz verdiyi diplomlara etimadsızlığıdır.
Nazirin son açıqlamasından məlum olur ki, o, bu etimadsızlığı haqlı sayır. Çünki fərz edək ki, əsas görəvi təhsil sistemi üçün kadrlar yetişdirmək olan APU-nun məzunlarının heç də hamısı MİQ imtahanlarından minimum bal toplaya bilmir. Belədə, APU-nun verdiyi diplomun əmək bazarına uyğunsuzluğu gündəmə gəlir. Bu uyğunsuzluğun arxasında isə, əmək bazarının tələbləri ilə ali məktəb proqramları arasındakı ziddiyyət dayanır.
Bəli, bu ziddiyyətlər var və bunu dəfələrlə elə burada yazmışam, oxumusunuz. Məsələn, ali təhsilin məqsədi həm də dövlət qulluğuna kadrlar hazırlamaqdır. DİM dövlət qulluğuna qəbul üçün imtahanlar keçirir və bunun üçün BDU-nun Hüquq fakültəsinin proqramından geri qalmayan bir qanunvericilik toplusunu bilməyi tələb edir.
Çox pakizə, amma iddiaçı bu tələblərə cavab verən hüquq biliklərini harada öyrənməlidir?
DİM-in rəsmi nümayəndəsi bir verilişdə birbaşa mənə və bütün cəmiyyətə dedi ki, özü öyrənməlidir!!!
Bu, təhsil sistemini, yumşaq desək, ələ salmaqdır.
Təsəvvür edin, dövlət sistemin qarşısına məqsəd qoyub ki, dövlət qulluğuna kadr hazırla, sistemin işləkliyinə cavabdeh qurumlardan birinin nümayəndəsi isə deyir ki, özü hazırlaşıb gəlsin.
Biabırçılıqdır!!!
Bu biabırçılığa illərdir diqqət çəkirəm, ETN-nin rəhbərliyinə dəfələrlə səslənmişəm ki, ali məktəblərin proqramına icbari tədris olunmaq üçün "Konstitusiya və hüququn əsasları", "Məntiq", "Elm fəlsəfəsi" fənnlərini salın. Dövlət qulluğu da, akademik fəaliyyət də əmək bazarının bir seqmentidir. Bizim ali təhsil proqramı (məzmununa qayıdacam) naqisdir, qüsurludur, problemlidir, amma bu barədə ETN heç bir tədbir görmür. "Araşdırırıq", "müzakirə edirik" kimi bəhanələr keçmir. Emin Əmrullayev 5 ildir Elm və Təhsil Naziridir. 5 ilbir hakimiyyət dönəmidir. Qabaqları qoyaq qırağa, 5 ildir ki, ali məktəb məzunları dövlət qulluğuna qəbul olunmaq üçün DİM imtahanlarına girir və yarıdan çoxu kəsilir. Kəsilməyənlər də illərcə dövlət qulluğuna hazırlıq kurslarına pul töküblər. Bununla təkcə Konstitusiyamız, qanunlarımız pozulmur. Birbaşa Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin "Hər bir insan öz ölkəsində dövlət qulluğuna hamıyla bərabər yol tapmaq hüququna malikdir" deyən 21-ci maddəsi pozulur.