ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şərqşünas və ədəbiyyatşünas alim, Pakistanın Lahor Universitetinin professoru, doktor Arif Nouşahidahi şairimizin irsi ilə əyani təmas məqsədilə Gəncədə tədqiqat-yaradıcılıq səfərində olub.
525.az-ın bölgə müxbiri xəbər verir ki, alim AMEA-nın Gəncə Bölməsində bu elm ocağının əməkdaşları ilə görüşüb.
Pakistanlı qonağı salamlayarkən, Bölmənin sədri, AMEA-nın Rəyasət heyətinin üzvü, Gəncə Ziyalılar Cəmiyyətinin rəhbəri, akademik Fuad Əliyev qardaş ölkənin elm aləminin tanınan nümayəndələrindən olan professor Arif Nouşahini Gəncə torpağında, dahi Nizaminin yurdunda görməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan ilə Pakistanın tarixin sınağına söykənən möhkəm dostluğu haqda fikirlərini söyləyərək, XX əsrin əvvəllərində Pakistanda yoluxucu xəstəlik səbəbindən ciddi problemlər yarananda böyük xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevin ora xeyli dərman və tibb vasitələri alıb göndərdiyini, eləcə də həmin əsrin sonlarında, 1991-ci ildə Azərbaycanı Respublikasını ilk tanıyan dövlətlərdən birinin məhz Pakistan İslam Respblikası olduğunu xatırladıb, xüsusən də 44 günlük Vətən müharibəsində öz suveren torpaqlarını, doğma Qarabağını azad edərək Böyük Zəfərə nail olmuş Azərbaycanın yanında Türkiyə və Pakistanın olduğunu böyük qürur hissi ilə vurğulayıb.
Akademik Fuad Əliyev qardaş ölkələrimiz arasında elmi-mədəni əlaqələrin genişləndirilməsinə ziyalıların daha fəal şəkildə töhfələr vermələrinin vacibliyinə toxunub. Bu baxımdan o, AMEA-nın Gəncə Bölməsinin, o cümlədən onun Nizami Gəncəvi Mərkəzinin beynəlxalq elmi əlaqələrinin daha da genişləndirilməsini həmin Mərkəzin görüşdə iştirak edən əməkdaşlarına tövsiyə edib.
Bölmənin sədri həmçinin Azərbaycan Pespublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Nizami Gəncəvinin 870 və 880 illik yubileylərinin keçirilməsi, eləcə də 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini möhtəşəm hadisələr kimi xarakterizə edərək, Gəncə alimlərinin də bu əlamətdar tarixlərlə bağlı elmi və yaradıcı fəaliyyət baxımından samballı töhfələr verdiklərini diqqətə çatdırıb, bu xüsusda Əməkdar elm xadimi, professor, sözügedən Mərkəzin ilk rəhbəri mərhum Xəlil Yusiflinin xidmətlərini xüsusi vurğulayıb.
AMEA-nın Gəncə Bölməsində bu şəhərin tarixində ilk dəfə olaraq, Nizami Gəncəvini irsinin tədqiqatları üzrə “Nizamişünaslıq” jurnalının təsis edildiyi və həmin elmi nəşrin mütəmadi işıq üzü gördüyü də qonağın diqqətinə çatdırılıb.
Professor Arif Nouşahi yüksək qəbula və həssas münasibətə görə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevə dərin minnətdarlıq bildirib.
Professor Arif Nouşahi öz tədqiqatlarının istiqamətinin əsasən farsdilli ədəbiyyat mövzusunun təşkil etdiyini qeyd edib, bu baxımdan səfərinin məqsədinin Azərbaycanın böyük şairi və filosofu, əsərlərini fars dilində yazmış Nizami Gəncəvinin irsi ilə təmas arzusu olduğuna diqqət çəkib.
Görüş zamanı filologiya üzrə fəlsəfə doktoru, nizamişünas Əlimuxtar Muxtarov dünya xalqlarında farsdilli ədəbiyyat anlayışının olduğu kimi, o dövrdə farsdilli Azərbaycan ədəbiyyatının da mövcudluğunu və Nizami Gəncəvinin əsərlərinin farsca yazıldığını qeyd edib və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində son illər, xüsusilə də “Nizami Gəncəvi İli”ndə şairin həyat və yaradıcılığı, milli mənsubiyyəti, ideya və idealları, onun sələfləri və xələfləri kimi istiqamətlərdə çoxsaylı kitablar, elmi məqalələr nəşr olunduğuna diqqət çəkib.
Qonağa hədiyyə olaraq, dahi mütəfəkkirin yaradıcılığı ilə bağlı Gəncədə nəşr edilən monoqrafiya və jurnallar təqdim edib. Görüşdə gələcək əməkdaşlıqla bağlı müzakirələr də aparılıb.
Doktor Arif Nouşahi xalqlarımızın, hər iki dövlətin rəhbərlərinin dostluq, qardaşlıq münasibətlərindən, Pakistan kitabxanalarında böyük Azərbaycan şairi Nizami Gəncəviyə bu və ya digər şəkildə aidiyyəti olan əlyazmaların mövcudluğundan söhbət açıb və ölkəsində çap edilən “Məxzənül əsrar” (“Sirlər xəzinəsi”) məsnəvisinə yazılan nəzirələr” kitabını və digər tədqiqatlarını bölməyə hədiyyə edib.
Professor Arif Nouşahi Gəncə Bölməsində yaradılmış Əlişir Nəvai adına Özbək dili və Mədəniyyəti Mərkəzi ilə də tanış olub.
Daha sonra qonaq bölmə əməkdaşlarının müşayiəti ilə dahi şairin məqbərəsini, həmçinin Nizami Gəncəvi Muzeyini ziyarət edib.
“Nizami Gəncəvinin ideyaları tarixin bütün dövrlərində müasir olub, bəşəriyyətə sevgi, doğru yol aşılayıb. Nizami Gəncəvini ayrı-ayrı xalqlar öz tərəflərinə çəkməyə çalışsalar da, Azərbaycan, Gəncə onun doğma yurdudur. O, gəncəlidir. Həkim Nizaminin Gəncəsində, məqbərəsində onun böyük elm, əxlaq alimi olduğunu, ruhunu, ruhaniyyətini duymamaq qeyri-mümkündür. Onun yaradıcılığı bütövlükdə sirlər xəzinəsidir. Nizami Gəncəvini bu şəhərdə ziyarət etmək mənim 40 ildən çox arzuladığım ən böyük niyyətlərdən biri idi. Nizaminin Vətənində özümü çox xoşbəxt hiss edirəm”, - deyə o vurğulayıb.
Səfər çərçivəsində həmçinin “İmamzadə” dini-memarlıq kompleksi, şəhərin müxtəlif tarixi abidələri ziyarət olunub.
Zakir Muradov,
Gəncə
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.