AZ

Nizami rayonunda yüksək bal toplayan tələbələrlə görüş keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami rayon komitəsinin birgə təşkilatçılığı ilə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, eyni zamanda tələbə adını qazanmış şəhid və qazi övladlarını təbrik edib, onlara can sağlığı, uğurlar və  təhsillərinin növbəti mərhələsində daha da yüksək nailiyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətinə və millətinə xidmət edərək layiqli vətəndaş olmağı arzulayıb.

Vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və xalqımızın gələcəyinə hesablanmış təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və davamlı şəkildə həyata keçirdiyi islahatlar sayəsində təhsil sahəsində çox böyük nəticələr əldə olunmuşdur. Dövlət başçısının rəhbərliyi ilə insan kapitalının formalaşdırılması istiqamətində həyata keçirilən uğurlu siyasət, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə icra olunan böyük layihələr nəticəsində təhsil infrastrukturunun müasirləşdirilməsi təmin olunur.

Tədbirdə həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami rayon komitəsinin sədri Sübut Əsədov çıxış edərək tələbələri təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi yetişərək müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb.

Görüşdə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş tələbələr çıxış edərək təhsil sahəsinə göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini və dərin minnətdarlığını çatdırıblar.

Tədbirin sonunda tələbələrə hədiyyələr təqdim olunub.

Seçilən
16
veteninfo.az

1Mənbələr