AZ

Sülh müqaviləsi üçün son addım: Tarix bəllidir

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 2026-cı ildə imzalanacağına dair məlumatlar artır. 

Qeyd edək ki, sonuncu belə açıqlamanı sentyabrın 15-də Türkiyənin xarici işlər naziri Hakan Fidan verib. “Vaşinqtonda tərəflər yekun razılaşma imzalamayıb. İmzalanmanın 2026-cı ilin birinci yarısında baş tutacağını gözləyirik”, - deyə Fidan bildirib. 

Türkiyə XİN rəhbərinin bu açıqlaması rəsmi Ankaranın Nikol Paşinyan hakimiyyəti qarşısında sülh prosesini 2026-cı ilin birinci yarısına qədər, yəni iyun ayında keçiriləcək parlament seçkilərindən əvvəl yekunlaşdırmaq tələbi kimi şərh edilib. Lakin rəsmi Bakı Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmayana qədər sülh müqaviləsini imzalamayacağını bəyan edib. 

Bu mənada, H.Fidanın Ermənistana çağırışı həm də seçkilərə qədər referendum keçirmək şərti kimi başa düşülə bilər. Çox güman ki, Türkiyə və Ermənistan arasında aparılan qapalı danışıqlarda konstitusiyaya dəyişiklik məsələsi müzakirə predmetidir. 

Rəsmi İrəvanın buna reaksiyası məlum olmasa da, Paşinyan hazırda daha çox diqqəti parlament seçkilərinə yönəltmək niyyətindədir. Bu arada sülh sazişini 2026-cı ildə imzalamaq təklifinin həm də ABŞ-dən gəldiyinə dair informasiyalar var. “Foreing Policy” jurnalının ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən yazdığına görə, Donald Tramp adminstrasiyası yekun sülh müqaviləsinin 2026-cı ilin sonuna qədər imzalanacağını və ratifikasiya olunacağını gözləyir. 

Qeyd edək ki, Azərbaycan sülh sazişinin mətnini paraflamaqla “top”u Ermənistana ötürüb. Yəni tam hüquqlu sülh müqaviləsinin imzalanması Ermənistan konstitusiyasına ediləcək dəyişiklikdən asılıdır. Bu baxımdan, səslənən tələblər fonunda yaranan siyasi təzyiqlər daha çox Ermənistana yönəlir. 

Yəni biz Ermənistanda referendumun 2026-cı ildə keçirilməsi ilə bağlı Türkiyə və ABŞ tərəfindən konkret şərtlərin irəli sürüldüyünü görürük. Nikol Paşinyan isə ötən il verdiyi açıqlamada ümumxalq səsverməsinin 2027-ci ildə keçiriləcəyini bildirmişdi. Hazırda xaricdən artan təzyiqlər fonunda 2027-ci ildə referendumun keçirilməsi məsələsinin gündəmdən çıxa biləcəyi və konstitusiya islahatının müddətinin arxaya çəkiləcəyinə dair ehtimalı gücləndirir. 

Referendumun tarixinə dair səslənən proqnozlardan biri konstitusiya dəyişikliyinin parlament seçkiləri ilə eyni gündə keçirilməsi ilə bağlıdır. Ancaq bəzi siyasi müşahidəçilərin Ermənistanda hər iki səsəvermənin eyni gündə reallaşmasının mümkünlüyü barədə iddilarının heç bir əsası yoxdur. 

Çünki “Referendum haqqında” Ermənistan Respublikası Konstitusiya Qanununun 6-cı maddəsinə görə, parlament seçkiləri ilə eyni gündə referendum keçirilə bilməz. Ona görə də konstitusiyaya dəyişikliklərin seçkilərə qədər və ya seçkilərdən sonra baş tutması mümkündür. 

Yeni konstitusiya layihəsinin üzərində işlər tamamlansa da, seçkilərdən əvvəl referendumun keçiriləcəyi inandırıcı görünmür. Son günlər ortaya çıxan ehtimallardan biri 2026-cı ildə ABŞ-nin siyasi təminatı ilə sülh müqaviləsinin imzalanmasına dair təklifin irəli sürülməsidir. 

Yəni rəsmi Vaşinqton Azərbaycana Ermənistan konstitusiyasına dəyişikliyi gözləmədən yekun sülh sazişini imzalamağı təklif edə bilər. Bunun qarşılığında Tramp adminstrasiyası sonrakı mərhələdə Ermənistan konstitusiyasına dəyişiklik ediləcəyinə təminat verə bilər. Bu halda yekun sənədin Ermənistanda seçkilərdən öncə imzalanması mümkündür. 

Lakin ABŞ Ermənistandan konstitusiyaya dəyişikliyi həyata keşirməyi istəsə belə, bu, daha çox tövsiyə xarakteri daşıyacaq. Yəni bu çağırış Ermənistan üçün hüquqi öhdəlik yaratmır. Ona görə də ABŞ-nin təklif etdiyi variantın qəbul edilməsi Azərbaycanın maraqlarına cavab vermir. Ermənistanda parlamentin və hökumətin yeni tərkibi formalaşdıqdan sonra, daha dəqiq desək, payız aylarında yeni konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması ehtimalı yüksəkdir. 

Əgər Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası deputat yerlərinin minimum üçdə birini qazanarsa, hökumətin təqdimatı əsasında referendum təyin edə bilər. Bu halda Ermənistan qanunvericiliyinə uyğun olaraq, 50 gündən tez, 60 gündən isə gec olmayaraq referendum baş tuta bilər. Konstitusiyaya dəyişiklik qərarı sentyabr-oktyabr aylarında qəbul olunarsa, noyabrın sonları-dekabrın birinci yarısında referendumun keçirilməsi gözləniləndir. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

Sülh müqaviləsi tarixPaşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr