AZ

KKTC-də Türk Dünyası Gənclik Günləri baş tutdu – FOTOLAR

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) Dünya Türk Gəncləri Birliyinin (DTGB) təşkilatçılığı ilə 20-ci Türk Dünyası Gənclik Günləri və Qurultayı baş tutub.

Musavat.com xəbər verir ki, tədbir 12–18 sentyabr 2025-ci il tarixlərində geniş iştirakla gerçəkləşib.

Sentyabrın 7-də Qafqazdan avtobusla yola çıxan nümayəndə heyətləri əvvəlcə Ankarada qarşılanıb, daha sonra Mersin limanından KKTC-yə yola salınıblar.

Qurultayın rəsmi açılışı sentyabrın 13-də Prezident sarayında keçirilib.

Açılış mərasimindən sonra Prezident sarayında kokteyl təşkil olunub. Tədbirdə KKTC prezidenti Ersin Tatar, AK Partiyanın sədr müavini, professor Kürşad Zorlu, KKTC-nin Bayındırlıq və Nəqliyyat naziri Erhan Arıklı, DTGB sədri Ersin Güzel, Türk Ocaqları Dərnəyi baş katibinin müavini Esabil Eker, Yunus Əmrə İnstitutunun sədr müavini Ömər Yıldız, istefada olan briqada generalı Camal Eruç və istefada olan polkovnik Oğuz Kalelioğlu iştirak edib.

Qurultayda türk dünyasının müxtəlif ölkələrindən gənclər təşkilatları, alimlər, iş adamları və QHT nümayəndələri bir araya gələrək ortaq hədəfləri, mədəni əməkdaşlıq və gələcək tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

Tədbir Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı (YTB) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə təşkil olunub.

Qurultayda DTGB sədri Ersin Güzelə KKTC prezidenti tərəfindən Türk Dünyası Fəxri Şərəf medalı təqdim edilib.

Sentyabrın 14-də keçirilən simpoziumda türk dünyasının Şərqi Aralıq dənizindəki mövqeyi və Kiprin strateji əhəmiyyəti müzakirə olunub.

Prof. Dr. Soyalp Tamçeliğin sədrliyi ilə keçirilən ilk iclasda polkovnik Oğuz Kalelioğlu Kipr Sülh Əməliyyatını şərh edib. Briqada generalı Camal Eruç əməliyyatın kritik mərhələlərindən söz açıb. Prof. Dr. Özkul Çobanoğlu Kipr türk folklorunu Aralıq dənizi türkçülüyü kontekstində təqdim edib. Dosent Dr. Mehmet Balyemez isə birgəyaşayış və idarəçilik anlayışlarını müzakirə edib.

İkinci sessiyada Prof. Dr. Soyalp Tamçelik Kipr məsələsində türk tərəfinin mövqeyini açıqlayıb. Prof. Dr. Ülvi Keser Şərqi Aralıq dənizində kəşfiyyat müharibəsi barədə çıxış edib. Dos. Dr. Sadık Akyar KKTC-nin Türk Dövlətləri Təşkilatındakı mövqeyinə toxunub. Dr. Sacide Fikret Çobanoğlu isə Dədə Qorqud Metaverse platformalarının türk dünyasının inteqrasiyasındakı rolunu vurğulayıb.

Proqramın onlayn hissəsində polkovnik, professor Ömər Lütfi Taşcıoğlu “Kıbrıs Türk Xalqının Vətənidir” adlı təqdimatı ilə çıxış edib.

Sentyabrın 15–16-da komissiya iclasları keçirilib. Media və Kommunikasiya, Ətraf Mühit və Enerji, İdman, Mədəniyyət və Təhsil, İqtisadiyyat və Sahibkarlıq, İnsan Hüquqları və Hüquq komissiyalarında iştirakçıların qarşılıqlı müzakirələri aparılıb, yekun qərarlar DTGB Şurasında təsdiqlənib.

Bundan başqa, Yazarlar, Alimlər, Kinematoqrafçılar və İş Adamları birliklərinin fəaliyyəti əlaqələndirilib.

DTGB sədri Ersin Güzel bildirib ki, bu tədbir türk gəncləri üçün mühüm platformadır:

“Biz təkcə türk dünyasının hər yerindən olan gənclərlə ideyaları bölüşmək deyil, həm də gələcəyə dair ortaq baxış yaratmaq məqsədi daşıyırıq. Bu konqres gənclər arasında əlaqələri gücləndirmək, mədəni, elmi və iqtisadi sahələrdə əməkdaşlığı artırmaq üçün unikal fürsətdir”.

1991-ci ildə təsis edilən DTGB hazırda 20-dən çox ölkədən QHT-ləri birləşdirir və dünyanın ən böyük türk gənclər şəbəkəsi hesab olunur.

Konqresdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, KKTC, İraq Türkməneli, Qərbi Trakya, Ahıska və Şərqi Türküstandan ümumilikdə 20 ölkə və bölgəni təmsil edən 50-dən çox təşkilat iştirak edib.

Onların arasında Türk Ocaqları, Türk Dünyası Mədəniyyət və Sənət Vəqfi, İraq Türkmən Cəmiyyəti, Dünya Uyğur Qurultayı, Avropa Türk Federasiyası kimi geniş auditoriyaya müraciət edən qurumlar daxildir.

 

İlk dəfə 1992-ci ildə Tatarıstanın Kazan şəhərində keçirilən Türk Dünyası Gənclik Qurultayı o vaxtdan bəri Krım, Azərbaycan, Rumıniya, Şimali Makedoniya və Türkiyə kimi müxtəlif bölgələrdə keçirilib.

Ötən 19 konqresdə Türk Dünyası gənclərinin mədəni, iqtisadi, siyasi problemləri müzakirə olunub, çoxsaylı birgə qərarlar və layihələr həyata keçirilib.

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr