AZ

Rusiyada Ağalarovla bağlı nə baş verir? Moskva təhlükəli oyuna başladı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova vəzifəsindən azad edilib. Məlumata görə, onun azərbaycanlı iş adamı Araz Ağalarovla sıx əlaqələrinin olması və Azərbaycan diasporuna yaxınlığı bu qərarın əsas səbəblərindən biri kimi göstərilir.

Qeyd edək ki, bir müddət öncə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) Araz Ağalarova qarşı icraata başlayıb. Rəsmi səbəb borc mübahisəsi kimi təqdim olunsa da, prosesin mahiyyət etibarilə maliyyə məsələlərindən daha dərin səbəblərə söykəndiyi ehtimal olunur.

Xatırladaq ki, Ağalarovlara məxsus “Crocus City Hall” konsert kompleksi 22 mart 2024-cü ildə dəhşətli terror aktına məruz qalmışdı. Hadisə nəticəsində azı 150 nəfər həlak olmuş, 551 nəfər isə yaralanmışdı. Hücumla bağlı məsuliyyət daşıyan şəxslərin əslində kimlər olduğu və hadisənin arxasında hansı dairələrin dayandığı hələ də mübahisə mövzusudur.

Son dövrlərdə baş verən hadisələr Ağalarovların – həm ata, həm də oğulun – Rusiya hakimiyyət dairələrinin hədəfinə gəldiyini göstərir. Onlarla bağlı aparılan proseslər, o cümlədən hüquqi təzyiqlər bu kontekstdə diqqət çəkir.

Bəzi müşahidəçilər isə bu gedişatın daha geniş geosiyasi fonu olduğunu qeyd edirlər. Belə ki, azərbaycanlı iş adamlarına qarşı artan təzyiqlər Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik, eləcə də Azərbaycanın ABŞ və Qərb ilə istiləşən əlaqələri fonunda dəyərləndirilir.

Bəs digər Azərbaycan əsilli iş adamları ilə bağlı vəziyyət necədir? Onlar da hədəfə çevrilə bilərmi?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, Krokus hadisəsindən sonra, Rusiya hakimiyyətində təmsil olunan müəyyən qüvvələrin ayrı-ayrı millətlərə qarşı münasibəti açıq şəkildə özünü göstərdi:

“Hadisəni törədən və ya heç bir əlaqəsi olmayan şəxslərin qısa müddət ərzində saxlanılması, həbs olunması və onlara qarşı sərt tədbirlərin görülməsi, əslində, bu məsələnin yaxın zamanda həll olunmayacağını göstərdi.

Bununla yanaşı, biz bu hadisəni Azərbaycan təyyarəsinin vurulması ilə müqayisə edirik. Həmin faciədə azərbaycanlı vətəndaşların da həyatını itirməsinə baxmayaraq, artıq bir ilə yaxın vaxt keçsə də, hadisəni törədənlərlə bağlı ciddi araşdırma aparılmayıb, məsul şəxslər məsuliyyətə cəlb edilməyib. Lakin Krokus faciəsinə münasibətdə tamamilə fərqli yanaşma sərgiləndi. Bu da onu göstərir ki, hadisələrə yanaşma eyni səviyyədə deyil və obyektivlikdən uzaqdır.

Xəyal Bəşirov

Digər tərəfdən, Rusiyada azərbaycanlı iş adamları Araz Ağalarov və Emin Ağalarova qarşı müəyyən münasibətlərin ortaya çıxması diqqət çəkir. Bu da son hadisələrlə bağlıdır. Halbuki söhbət yalnız azərbaycanlılardan getmir; ümumiyyətlə, müxtəlif millətlərdən olan sahibkarlar bu cür münasibətlərdən zərər görə bilərlər. Rusiyanın uzun illərdir geniş iş imkanları yaratdığı məlumdur. Burada təkcə azərbaycanlılar deyil, postsovet məkanından olan müxtəlif xalqlar biznes fəaliyyətləri ilə məşğuldurlar. Ağalarovlar da bir neçə gündür deyil, on illərdir ki, Rusiyada fəaliyyət göstərirlər.

Əslində, onlarla bağlı olmayan, Rusiyanın daxili gərginliklərindən qaynaqlanan hadisələrin nəticəsində iş adamlarının qurban verilməsi gələcəkdə sərmayə mühitinə mənfi təsir göstərəcək. Dünyanın əksər ölkələri ərazisinə sərmayə yatırılmasını, sahibkarlıq fəaliyyətini dəstəkləyir. Lakin Rusiya radikal və imperialist siyasət yürüdərək iş adamlarını qurban verərsə, bunun ən böyük zərərini gələcəkdə məhz Rusiya iqtisadiyyatı çəkəcək.

Əgər Moskva bu əsassız qarşıdurma siyasətindən əl çəkməsə, proses daha da genişlənəcək və təkcə azərbaycanlı iş adamları deyil, digər millətlərdən olan sahibkarlar da zərər görəcəklər.

Münasibətlərin normallaşması isə yalnız Rusiyanın atacağı addımlardan asılıdır. Məhz Rusiya tərəfi gərginliyi aradan qaldırmaq üçün üzərinə düşən öhdəliklərə əməl etməlidir”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
5
globalinfo.az

6Mənbələr