Əsas səbəblər siyasi böhran və artan dövlət borcudur
Beynəlxalq Fitch Ratings agentliyi Fransanın kredit reytinqini “AA-”dan “A+” səviyyəsinə endirib. Bu, ölkədəki siyasi qeyri-sabitlik və artan dövlət borcları fonunda edilib.
Fransa son vaxtlar getdikcə daha çox siyasi və iqtisadi qeyri-müəyyənlik içərisindədir. Fransua Bayru hökuməti sentyabrın 8-də parlamentdə keçirilən səsvermədən sonra istefa verib və bu da son iki ildə dördüncü hal idi. Sentyabrın 10-da isə bütün ölkəni bürüyən kütləvi etirazlar zamanı nümayişçilər hökuməti və siyasətçiləri Fransa daxilindəki reallıqlardan uzaq olmaqda və sadə insanların problemlərinə məhəl qoymamaqda ittiham ediblər.
Bütün bunların fonunda, yeni baş nazir Sebastyen Lekornunun inauqurasiyasından cəmi bir neçə gün sonra Fitch Ratings agentliyi Fransanın uzunmüddətli kredit reytinqini “A+” səviyyəsinə endirib. Bu, ölkə tarixində ən pis göstəricidir.
Agentlik qərarının bir neçə səbəbini qeyd edib. Onlardan biri ölkənin dövlət borcunun davamlı artımı ilə bağlıdır. 2024-cü ildə borc 3,3 trilyon avro (ÜDM-in təxminən 113,2 faizi), 2025-ci ildə isə artıq 3,4 trilyon avro təşkil edib.
Fitch Ratings-in proqnozuna görə, 2027-ci ildə dövlət borcu ÜDM-in 121 faizinə qədər artacaq. Bu kontekstdə Fransada siyasi təlatümlər, xüsusən də tez-tez hökumət dəyişikliyi qeyd olunur.
"Bu qeyri-sabitlik siyasi sistemin əhəmiyyətli fiskal konsolidasiyanı təmin etmək qabiliyyətini zəiflədir", - agentliyin bəyanatında deyilir.
Agentlik həmçinin Fransanın büdcə kəsirinin əvvəlki hökumətin istədiyi kimi 2029-cu ilə qədər ÜDM-in 3 faizinə qədər azalacağına şübhə edir. Keçən il bu, 5,8 faiz təşkil edib ki, bu da 2024-cü il üçün Aİ-də müəyyən edilmiş icazə verilən limitdən (3 faiz), demək olar ki, iki dəfə çoxdur. Dövlət borcuna gəlincə, bu rəqəm Maastrixt müqaviləsinə uyğun olaraq 60 faizdən çox olmamalıdır.
Bütün bunlar, politoloqların fikrincə, Fransanı beynəlxalq investorlar üçün daha az etibarlı edir.
Həmçinin qeyd olunur ki, Fransa üçün kreditlər bahalaşacaq və faiz dərəcəsinin artması ilə sosial xərclərin azaldılmasına ehtiyac yaranacaq. Bu, həm fransızların, həm də miqrantların yeni etirazlarına səbəb olacaq və Fransada onsuz da kifayət qədər kriminogen vəziyyəti daha da gərginləşdirə bilər.
Fransadakı siyasi və iqtisadi sarsıntılar fonunda nəinki Makronun istefası ilə bağlı çağırışlar getdikcə daha çox eşidilir, həm də yeni baş nazir Sebastien Lecornu artıq etimadsızlıq səsverməsi ilə hədələnir. Bu kontekstdə qanuni yolla prezidentin impiçmentinə nail olmaq çətin, demək olar ki, qeyri-mümkün olacaq. Bunu həyata keçirmək üçün genişmiqyaslı sosial böhran lazımdır. Ekspertlər hesab edirlər ki, Makron özü istefa verməyəcək.
Ancaq parlamentin mütləq iflic olması variantı mümkündür. "İzvestiya"nın həmsöhbəti siyasətşünas Andrey Kudryavtsev hesab edir ki, bunun üçün hökumətin etimadsızlıq səsverməsi yolu ilə istefaları silsiləsi davam etməlidir. Bundan əlavə, solçu qüvvələrin alyansı “Yenilməyən Fransa” alyansı və ifrat sağçı “Milli İttifaq” əvvəlki hallarda olduğu kimi, birləşmiş şəkildə hərəkət etməlidir.
Politoloq İlona Mizovanın fikrincə, kredit reytinqinin aşağı salınması reputasiyaya zərbədir və əlavə təzyiq faktorudur: “Bu, Makronun iqtisadi siyasətinin effektivliyini şübhə altına alır və müxalifətin tənqidlərini artırır. Siyasi fəsadlar ciddi ola bilər - ictimai narazılıq fonunda büdcə xərclərinin azaldılması zərurəti etirazların daha da genişlənməsi riskini artıracaq. Bu, makroiqtisadi kursun legitimliyinə siyasi zərbədir və prezidentin özünə inamı sarsıdır”.
Məlum olduğu kimi, Makron 2017 və 2022-ci illərdə “Avropayönümlü” lider, maliyyə sabitliyi və islahatların tərəfdarı kimi seçilib. Reytinqin aşağı salınması isə beynəlxalq ekspertlərin onun siyasətinin struktur problemlərini düzəltmək üçün yetərli olmadığına dair qərarıdır.
Bildirilir ki, baş verənlər Fransanın qitədə siyasi liderlik ambisiyalarını zəiflədir, maliyyə problemləri ümumavropa büdcə qaydaları ilə bağlı danışıqlarda Parisin nüfuzunu sarsıdır.
Rizvan CƏFƏROV,
“Azərbaycan”