Ötən gün Qarabağda Tibb fakültəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı qeyd edib ki, Xankəndi tələbələr şəhəri olacaq.
Xankəndidə tibb fakültəsinin yeni klinikasının açılması bölgənin təhsil potensialına hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, yeni klinikanın açılması ölkənin tibb potensialı baxımından çox mühüm və ciddi töhfələr verəcək:
"Bu, bu gün üçün olduqca vacib məsələdir. Xüsusilə də Qarabağ Universiteti və onun Tibb fakültəsinin fəaliyyəti ölkənin təhsil sisteminə böyük töhfələr verəcək. Hazırda Qarabağ Universitetinin bu istiqamətdə fəaliyyəti çox önəmlidir. Cənab Prezidentin də qeyd etdiyi kimi, artıq bu bölgə həm tələbələr üçün bir şəhərə çevrilməkdədir, həm də burada böyük infrastruktur layihələri həyata keçirilir. Cənab Prezidentin xüsusi diqqət və qayğısı ilə bu layihələr davam etdirilir və biz bunun şahidi oluruq.
Dövlət hansı addımları atmalıdırsa, atır. Yeni müəssisələr və infrastrukturlar yaradılır, bu isə gələcəkdə yeni ixtisasların açılmasına, laboratoriyaların qurulmasına və ikili diplom proqramlarının tətbiqinə imkan yaradacaq. Klinikaya 100 nəfərin qəbul olunması kiçik bir rəqəm deyil, əksinə, olduqca yaxşı göstəricidir. Bu tələbələr yüksək balla qəbul olunublar və keyfiyyətli təhsil ala biləcəklər.
Burada həm universitet, həm də tələbələrin üzərinə böyük məsuliyyət düşür. Bu klinika yalnız tədris prosesi üçün deyil, həm də regionda səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsinə töhfə verəcək. Yəni, bu, təkcə universitetin deyil, ümumilikdə regionun tibb mənzərəsinin zənginləşdirilməsinə xidmət edir.
Təhlükəsizlik məsələlərinə gəldikdə isə, bütün tədbirlər ən yüksək səviyyədə həyata keçirilmişdir. Dövlət təhlükəsizliklə bağlı bütün prosesləri tənzimləyib və bu sahədə ciddi problem müşahidə olunmur. Hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir və artıq nəticələr ortadadır. Gələcəkdə bu istiqamətdə daha böyük uğurların əldə olunacağına inanıram".