AZ

Tarixi dönüş nöqtəsi 

Azərbaycan dövlətçiliyi tarixində 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror əməliyyatları mühüm strateji və tarixi dönüş nöqtəsi kimi yadda qalmışdır. Bu əməliyyatlar yalnız ölkəmizin ərazi bütövlüyünün bərpası deyil, həm də beynəlxalq hüquq prinsiplərinin qəti şəkildə təsdiqi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının böyük hissəsi işğaldan azad edilsə də, Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə Ermənistan silahlı birləşmələrinin qalması gərginlik mənbəyi idi. Bu qanunsuz hərbi birləşmələr dəfələrlə təxribatlara əl atır, Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı diversiya törədirdilər.

2023-cü ilin sentyabr ayının əvvəlində mina terroru nəticəsində Azərbaycan polis və dövlət məmurlarının şəhid olması isə vəziyyəti dözülməz həddə çatdırdı. Bu hadisə dövlətin suveren hüquqlarının təmin edilməsi üçün antiterror əməliyyatlarının başlanmasını qaçılmaz etdi.

2023-cü il 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə start verildi. Əməliyyatların əsas məqsədi bölgədəki qanunsuz erməni silahlı dəstələrinin zərərsizləşdirilməsi, onların hərbi infrastrukturunun sıradan çıxarılması və Azərbaycanın konstitusiya quruluşunun bərpası idi.

Yüksək dəqiqlikli silahların tətbiqi, hərbi hissələrin dəqiq planlaşdırılmış fəaliyyəti nəticəsində cəmi 24 saat ərzində hədəflərə nail olundu. Ermənistan silahlı qüvvələrinin qalıqları və separatçı qurum təslim oldu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi.

Antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının suverenliyi və konstitusiya quruluşu tam şəkildə bərpa edildi, qanunsuz hərbi dəstələrin fəaliyyəti dayandırıldı, separatçılığa son qoyuldu, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün şərait yaradıldı.

Əməliyyatlar beynəlxalq ictimaiyyət tərəfindən də diqqətlə izlənildi. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də öz ərazi bütövlüyünü təmin etmək hüququna əsaslanaraq, qətiyyətli və legitim addım atdı.

2023-cü ilin antiterror əməliyyatları Azərbaycan tarixində “ikinci Zəfər” kimi dəyərləndirilir. Əgər 2020-ci ilin Vətən müharibəsi torpaqlarımızın böyük hissəsinin işğaldan azad olunması ilə nəticələndisə, 2023-cü ilin əməliyyatları dövlət suverenliyinin tam bərpasını təmin etdi. Bu hadisə Azərbaycanın gələcək inkişafı, Qarabağın sosial-iqtisadi dirçəlişi və regionda davamlı sülhün qurulması üçün yeni imkanlar açdı.

Azərbaycan xalqı əsrlər boyu azadlıq və müstəqillik uğrunda mübarizə aparmışdır. 2023-cü ilin sentyabrında baş tutan antiterror əməliyyatları bu mübarizənin məntiqi davamı olaraq dövlətimizin qüdrətini, ordumuzun peşəkarlığını və xalqımızın birliyini bir daha sübut etdi. Bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır və bu tarixi Zəfər gələcək nəsillər üçün qürur mənbəyi olaraq qalacaqdır.

Əminə Ağazadə

Milli Məclisin deputatı

Seçilən
7
2
sabahinfo.az

3Mənbələr