Əlbəttə, çox çətin hədəfdi. Ancaq futbolda əzəldən bu günə qədər görmədiyimiz möcüzə, qarşılaşmadığımız sürpriz qalmayıb. Xüsusilə “köhlən atlar” xeyli matçda qəhrəmanlıq göstərməklə yerli futbol ictimaiyyətini sevinc hissinə boğub. Hələ Avropada dillər əzbəri olmasını demirik.
Hər halda, Portuqaliya təmsilçisinin səviyyəsinə rəğmən, xal qazanmaq mümkün ola bilər. Bəs, bunun yolu nədi?
“Football-plus.az”ın sualını təcrübəli mütəxəssis Aslan Kərimov cavabladı:
“Böyükhesablı məğlubiyyətin olacağını, ümumiyyətlə, düşünmürəm. Bu səviyyədə bu cür hesablar nadir hallarda baş verir. Məsələn, qırmızı vərəqə olanda... Məncə, komandaların təxminən eyni səviyyəli oyununu izləyəcəyik. Əlbəttə, “Benfika”nın üstün tərəfləri var. Amma “Qarabağ”ın da belə xüsusiyyətləri çoxdu. Bunu zəif cəhətlərə də aid etmək mümkündü. Bildiyimə görə, “Benfika”nın 4-5 futbolçusu zədəlidi. Ancaq “Qarabağ”dan da Nəriman Axundzadə yoxdu. Məncə, bu məqamlar komandaların səviyyəini bir-birinə yaxınlaşdırır. Yenə də Portuqaliya təmsilçisindən danışırıqsa, “Benfika” daha keyfiyyətli futbolçulara malikdi. Xüsusən də hücum xəttində. “Benfika” ev sahibi qismində daha dominant oynamağa, topu özündə saxlamağa çalışacaq. Belədə arxa xətdə “Qarabağ”ın faydalana biləcəyi boşluqlar yarana bilər. Onsuz da təmsilçimizin təcrübəli oyunçuları var və istənilən rəqibə qol vurmaq ehtimalı yüksəkdi. Bu səbəbdən “Qarabağ”ın xal qazanmaq şansını yüksək dəyərləndirirəm. Leandro Andrade və Abdulla Zubir kimi futbolçular daha öndə çıxış edən komandalara qarşı daha yaxşı oynaya, qol vura bilər. Həmçinin “Qarabağ” rəqibinə güclü təzyiq göstərə bilir. Hətta hadisələrin axarı qələbə də gətirə bilər. Ancaq təmsilçimizin zəif tərəflərini də unutmamalıyıq. Bu sırada standart vəziyyətlər, hücuma çıxanda rəqibin sürətli keçidlərinə hazır olmamaq kimi məqamları sadalamaq olar. Hesabı təxmin etmək çətindi, ancaq təhlükəli epizodların sayı çox olacaq. Bu da azarkeşlərin maraqlı oyun izləməsinə səbəb olacaq”.
KƏNAN BAHADIR