AZ

Rubinyan bəyan etdi: Yaxın vaxtlarda tarixi görüş baş tutacaq

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın xüsusi nümayəndəsi və parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib ki, Ankara-İrəvan danışıqları üzrə xüsusi nümayəndələrin növbəti görüşü Türkiyədə keçirilə bilər. Bu addım iki ölkə arasındakı münasibətlərin normallaşması prosesində yeni mərhələ kimi qiymətləndirilir.

Belə görüşlərin nəticələri və gələcək perspektivləri nə vəd edir? Hansı məsələlərin müzakirəsi gözlənilir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Azərbaycan–Ermənistan münasibətləri hazırda əsas müzakirə mövzusudur:

“Sözügedən görüşlərin böyük əhəmiyyəti var. Əgər bu münasibətlərdə sülh əldə olunarsa, böyük ehtimalla Ermənistan–Türkiyə münasibətlərinin də normallaşması istiqamətində mühüm mərhələ açıla bilər.

Şübhəsiz ki, Azərbaycan–Ermənistan arasında sülhün təmin edilməsi həm regional sabitlik, həm də qonşu dövlətlərin əməkdaşlıq perspektivləri baxımından həlledici əhəmiyyət daşıyır. İki dövlət arasında münasibətlərin tənzimlənməsi yalnız Azərbaycan və Ermənistan üçün deyil, eyni zamanda Türkiyə–Ermənistan münasibətlərinə də təsir göstərəcək.

Belə ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan və bütün problemlər aradan qaldırıldıqdan sonra Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması daha real və mümkün olacaq. Bu, bölgədə yeni əməkdaşlıq imkanlarının yaranmasına, sərhədlərin açılmasına, iqtisadi və siyasi əlaqələrin genişlənməsinə şərait yaradacaq.

Başqa sözlə, Türkiyə–Ermənistan münasibətlərinin gələcəyi birbaşa olaraq Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasından asılıdır. Azərbaycan və Ermənistan arasında bütün məsələlər həllini tapdıqdan sonra Türkiyə–Ermənistan münasibətlərinin də diplomatik müstəvidə bərpa olunması üçün heç bir ciddi maneə qalmayacaq”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
globalinfo.az

1Mənbələr