AZ

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır ŞƏRH

Bakı, 16 sentyabr, AZƏRTAC

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatına start verildi. Qısa müddətdə Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan bütün vəzifələri yerinə yetirdi. Cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. On minlərlə silahlı qüvvə tərksilah edildi, yüzlərlə texnika məhv edildi və ya ələ keçirildi. Ən əsası isə Prezident İlham Əliyevin dəmir iradəsi sayəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O qeyd edib ki, əməliyyatın ən mühüm məqamlarından biri də dövlətimizin humanist mövqeyi idi. Ali Baş Komandanın göstərişi ilə mülki əhalinin təhlükəsizliyi tam təmin edildi. Qarabağda yaşayan erməni sakinlərinə əvvəlcədən xəbərdarlıqlar olundu, qadınların, uşaqların, qocaların və xəstələrin qorunması xüsusi diqqət mərkəzində saxlanıldı. Bu, həm də Prezident İlham Əliyevin humanizmə əsaslanan siyasətinin bariz təzahürü idi. Sentyabrın 28-də separatçı rejimin rəhbərliyi qondarma qurumun ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da Qarabağda 30 ilə yaxın davam edən separatizm birdəfəlik tarixə qovuşdu. Artıq Qarabağda yalnız Azərbaycan dövləti var, yalnız Azərbaycan qanunları işləyir və üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə və digər şəhərlərimizdə əzəmətlə dalğalanır. Bu möhtəşəm nəticə Prezident İlham Əliyevin 20 illik ardıcıl siyasətinin, diplomatik uzaqgörənliyinin və hərbi-siyasi liderliyinin məntiqi yekunudur. 2020-ci ilin Vətən müharibəsində əldə olunan Qələbə 2023-cü ilin 19–20 sentyabr antiterror əməliyyatı ilə tamamlandı. Dövlətimizin başçısının dəmir iradəsi, xalqın birliyi və Ordumuzun gücü sayəsində Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Bu gün Azərbaycan xalqının hər bir üzvü fəxrlə deyə bilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır. Dövlətimizin təsis etdiyi Dövlət Suverenliyi Günü də məhz bu qürur dolu günlərin rəmzi olaraq hər il qeyd ediləcək.

“Azərbaycan xalqı bu gün öz tarixi iradəsinin, mübarizəsinin, qəhrəmanlıq və həmrəyliyinin bəhrəsini görür. Qarabağ artıq birdəfəlik Azərbaycanın ayrılmaz hissəsidir və biz hamımız birlikdə Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında daha qüdrətli gələcəyə doğru addımlayırıq”, - deyə Fatma Yıldırım vurğulayıb.

Seçilən
23
2
azertag.az

3Mənbələr