AZ

Netanyahu Rubionun gözü önündə bir neçə müsəlman ölkəsini hədələdi...


İsrailin Baş naziri Binyamin Netanyahu Amerikanin dövlət katibi, ABŞ Senatının üzvü Marko Rubio ilə birgə mətbuat konfransındakı açıqlamasında bildirib ki, HƏMAS-ın liderlərinə qarşı başqa ölkələrdə də mümkün zərbələr endirilə biləcəyini istisna etmir.

Netanyahunun dediyinə görə, “terrorçular harada olurlar-olsunlar, onlara immunitet verilməməlidir”.

O həmçinin vurğulayıb ki, İsrailin bu cür əməliyyatlarda əsas məqsədi düşmənlərə siqnal göndərməkdir: “Qaça bilərsiniz, amma gizlənə bilməzsiniz - sizi taparıq”. Netanyahunun bu fikirləri ABŞ dövlət katibinin iştirak etdiyi birgə mətbuat konfransında səsləndirməsi xüsusilə maraq doğurur. Bu o qənaətə gəlməyə əsas verirmi ki, bu addımları İsrail Amerika ilə razılaşdıraraq atir?

Baki-xeber.com nəşrinə görə, Netanyahunun bu fikirləri təkbaşına daxili auditoriyaya mesaj deyil, həm də beynəlxalq tərəfdaşlara ünvanlanan siyasi siqnal kimi görünür.

Çünki bəyanatın səhnə seçimi təsadüfi ola bilməz. Yəni bu bəyanatın təkbaşına deyil, ABŞ-ın yüksək rütbəli nümayəndəsinin - Marko Rubionun iştirakı ilə səsləndirilməsi təsadüfi deyil. Belə platformalarda adətən mesajlar qarşı tərəflə öncədən razılaşdırılır və ya ən azı ABŞ-ın buna açıq etiraz etməyəcəyi bilinir.

Eyni zamanda, hamıya bəllidir ki, ABŞ-İsrail təhlükəsizlik ittifaqı mövcuddur. ABŞ uzun illərdir İsrailin əsas təhlükəsizlik tərəfdaşıdır. Sözsüz ki, xarici ölkələrdə hədəfli əməliyyatlar (HƏMAS liderlərinə zərbə) rəsmi Təl-Əviv üçün ciddi diplomatik nəticələr doğura bilər. İsrail belə addımları adətən Vaşinqtonla koordinasiyadan kənar atmır, çünki ABŞ-ın dəstəyi onu beynəlxalq təzyiqlərdən qoruyur.

Mesajın auditoriyası da maraq doğurur, çünki bu bəyanat iki ünvanlıdır. Birincisi, HƏMAS və onun tərəfdarlarına bildirilir ki, heç yerdə təhlükəsiz deyillər.

İkincisi, region dövlətlərinə mesaj verilir ki, əgər HƏMAS liderlərinə sığınacaq verirlərsə, İsrail onları orada da hədəf ala bilər.

Eyni zamanda, İsrail bu siyasəti Vaşinqtonun gözü qarşısında elan edir, yəni "biz tək deyilik, arxamızda ABŞ var" mesajı verir.

Rubionun həmin tədbirdə çıxışı da maraqlıdır. O, Fələstin dövlətini tanıyan (Böyük Britaniya daxil) ölkələrin addımını sülhə maneə kimi dəyərləndirdi. Bu, dolayısı ilə Netanyahunun sərt xəttinə ideoloji dəstəkdir. Açıq şəkildə "biz birgə əməliyyatlar edəcəyik" deyilməsə də, kontekstdən görünür ki, ABŞ ən azı İsrailin bu siyasətinə susqun razılıq göstərir.

Bəli, bu açıqlamanı ABŞ-la razılaşdırılmış addım kimi dəyərləndirmək mümkündür. Çünki ABŞ nümayəndəsinin iştirakı simvolik təsadüf deyil, Amerikaının İsrailin təhlükəsizlik əməliyyatlarına uzunmüddətli dəstəyi var və Vaşinqton susaraq, yaxud da paralel mesaj verərək İsrailin mövqeyini legitimləşdirir.

Lakin burada incə bir detal da var - ABŞ rəsmi olaraq başqa dövlətlərin suverenliyinin pozulmasını açıq şəkildə müdafiə etmir. Ona görə də Vaşinqton “rəsmi razılıq” verməkdən çox, pərdəarxası dəstək və siyasi himayə ilə kifayətlənir.

Netanyahunun açıqlamasına region dövlətlərinin prizmasından baxanda maraqlı mənzərə görünür. Əgər İsrail həqiqətən başqa ölkələrin ərazisində HƏMAS liderlərinə qarşı əməliyyatlar həyata keçirsə, bunun ən çox təsir edəcəyi dövlətlərə qısa nəzər yetirək.

Qətər

HƏMAS-ın siyasi rəhbərliyinin bir hissəsi Qətərdə sığınacaq tapıb. Doha uzun illərdir HƏMAS-a həm maliyyə, həm də diplomatik dəstək verib.

Əgər İsrail Qətərdə əməliyyat həyata keçirsə, bu, Qətərin suverenliyinin kobud şəkildə pozulması deməkdir. Belə addım ABŞ-Qətər münasibətlərini də gərginləşdirə bilər, çünki ABŞ Qətərdə hərbi bazaya malikdir və onu strateji müttəfiq hesab edir.

Nəticədə Qətər, böyük ehtimalla, İsraili BMT-də və İslam ölkələri çərçivəsində sərt ittiham edəcək, amma İsraillə birbaşa qarşıdurmaya getmək ehtimalı çox aşağıdır.

Türkiyə

Son illər Ankara HƏMAS liderləri ilə əlaqə saxlayır, hətta onların bir hissəsinə Türkiyədə yaşamaq imkanı yaradıb. İsrailin Türkiyə ərazisində əməliyyat aparması iki ölkə arasında münasibətləri yenidən böhran həddinə gətirər. Ərdoğan hökuməti bunu milli suverenliyə təhdid kimi qəbul edəcək.

Türkiyə siyasi və diplomatik müstəvidə çox sərt cavab verər, amma hərbi qarşıdurma ehtimalı zəifdir. Lakin bundan sonra Ankara öz ərazisində HƏMAS fəaliyyətini daha açıq şəkildə müdafiə edə bilər.

İran

HƏMAS-ın əsas maliyyə və hərbi dəstəkçisi İrandır.

Əgər İsrail İran ərazisində hədəfli əməliyyat həyata keçirsə, bu, artıq birbaşa İsrail-İran qarşıdurması deməkdir. İran belə bir əməliyyata passiv yanaşmayacaq.

Bu hal böyük regional müharibəyə yol aça bilər. Lakin İsrail risqləri nəzərə alaraq, İran daxilində açıq əməliyyatlardan çox, onun müttəfiq qruplarını (Livan “Hizbullah”, Suriya və s.) hədəfə almağa üstünlük verir.

Misir və İordaniya

Hər iki ölkə İsraillə sülh sazişi bağlamış ərəb dövlətidir və onların ərazilərində HƏMAS liderlərinin gizlənməsi ehtimalı çox azdır.

Əgər İsrail bu ölkələrin ərazisində əməliyyat aparsa, münasibətlər ciddi şəkildə pozular. Misir, xüsusilə Qəzza ilə sərhədə görə həssasdır.

İsrail bu dövlətlərin ərazisində əməliyyatlardan çəkinəcək, çünki bu, sülh sazişlərini təhlükəyə atar. Təl-Əviv isə bunu istəmir.

Səudiyyə Ərəbistanı və BƏƏ

Hər iki ölkə İsraillə əlaqələri normallaşdırmağa çalışır (“İbrahim razılaşmaları” çərçivəsində). Bu ölkələrin ərazisində əməliyyat, demək olar ki, mümkün deyil. Əks halda, İsrailin ərəb dünyasında normallaşma prosesinə böyük zərbə dəyər.

Ümumi nəticə kimi qeyd etmək olar ki, Netanyahunun açıqlaması faktiki əməliyyat siqnalı olmaqdan daha çox, psixoloji və siyasi təzyiq alətidir. İsrail real olaraq ən çox Qətər və Türkiyəyə siqnal göndərir. Çünki orada HƏMAS-ın siyasi qanadı və maliyyə resursları cəmləşib.

ABŞ-ın iştirakı ilə verilən bu bəyanat həm də region dövlətlərinə xəbərdarlıqdır - “HƏMAS-a sığınacaq verirsinizsə, özünüzü də risqə atırsınız”.

Akif NƏSİRLİ

Seçilən
38
baki-xeber.com

1Mənbələr