AZ

“Müharibənin gedişində yeni mərhələ yaşana bilər”

“Müharibənin

“Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlar adı altında apardığı işğalçılıq siyasəti başladığı vaxtdan indiyə qədər demək olar ki, NATO üzvü olan ölkələrin ərazisinə hər hansı bir formada Rusiya dronlarının və ya aviasiyasının müdaxiləsi kimi hallar baş verməyib. Baxmayaraq ki, müharibənin elə ilk günlərindən NATO üzvü olan ölkələr, xüsusilə də Ukraynanın həmsərhəd ölkəsi olan Polşa, keçmiş sovet respublikaları olan Baltikyanı respublikalarının Ukrayna tərəfinə açıq və geniş dəstəkləri olub”.

Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev söyləyib.

T.Əliyevin sözlərinə görə, Rusiya son hadisələrə qədər öz fəaliyyətini bu baxımdan ciddi kontrolda saxlaya bilmişdi: “Lakin son hadisələr, xüsusilə də Polşa ərazisinə Ukrayna üzərindən Rusiya dronlarının keçməsi, eyni zamanda, oxşar hadisələrin Rumıniya ərazisinə də cəhdlərin olması onu göstərir ki, müharibənin gedişində yeni bir mərhələ yaşana bilər. Bu hadisələrdən ciddi narahatlıq keçirən Avropa ölkələri, xüsusilə NATO üzvü olan ölkələr demək olar ki, baş verən hadisələrdən sonra NATO-nun şərq cinahında intensiv müşahidə missiyası və müdafiə xəttinin möhkəmləndirilməsi siyasətini həyata keçirir. NATO Baş katibi Mark Ruttenin də açıqlamalarını məncə ciddiyə almaq lazımdır”.

Siyasi şərhçi əlavə edib ki, əgər Rusiya tərəfindən növbəti belə təxribatlar baş verərsə və ya öz fəaliyyət olarsa, təsadüfən, bilməyərəkdən, istənilən ad altında Rusiya silahlı qüvvələrinə məxsus olan dronların və ya digər aviasiya vasitələrinin, raketlərin NATO üzvü olan ölkə ərazilərinə atılması və ya keçməsi halları müşahidə olunarsa, məncə, NATO üzvlərinin reaksiyası bu dəfə ayrı-ayrı əraziləri və ya hava məkanı pozulan NATO üzvü olan ölkələrin deyil, Rusiya bütövlükdə NATO-nun kollektiv reaksiyası ilə üz-üzə qala biləcək: “Ona görə də düşünürəm ki, bundan sonra Rusiya tərəfi bu məsələlərdə daha ehtiyatlı və diqqətli olacaq. Baxmayaraq ki, Rusiya bu günlərdə Belarusiya ilə birlikdə “Qərb 2025” adı altında hərbi təlimlər keçirir, amma çox güman ki, bu, psixoloji savaş elementi kimi önəmli olacaq. Bunun ardınca Rusiyanın yenidən NATO sərhədlərini keçməyə təşəbbüsü olmamalıdır. Əgər belə bir təşəbbüs olacaqsa, bu artıq rəsmi Moskvanın cəbhənin genişləndirilməsi istiqamətində yeni təşəbbüsü kimi qəbul olunacaq və qeyd etdiyim kimi Qərb tərəfindən də adekvat reaksiya ilə üzləşəcək”.

Röya İsrafilova

Seçilən
10
1
xalqcebhesi.az

2Mənbələr