AZ

Moskva hökumətləri hədəf götürəcəyini anons etdi

Sergey Lavrov Rusiyanın qeyri-dost ölkələr ifadəsindən uzaqlaşdığını açıqlayıb.

“Rusiya tərəfi qeyri-dost ifadəsini işlətməkdən tədricən uzaqlaşır və bu, dövlətlərin deyil, dost olmayan hökumətlərin olmasından irəli gəlir”, - deyə Sergey Lavrov bu fikirləri “Intervision”a hazırlıqla bağlı keçirilən mətbuat konfransında deyib.

Jurnalistlər müsabiqəyə ABŞ və Avropadan nümayəndələrin qatılacağını qeyd edərək, nazirdən dost olmayan ölkələrdən olan ifaçıların “Intervision”a gəlmək üçün gələcəkdə nə etməli olacağına aydınlıq gətirməsini xahiş ediblər.

“Biz yavaş-yavaş qeyri-dost ölkələr terminindən uzaqlaşırıq. Baxmayaraq ki, bu termin qanunvericilikdə qalır. Bu yaxınlarda Vladivostokda keçirilən tədbirdə çıxış edən prezident Vladimir Putinin vurğuladığı kimi, bizim üçün dost olmayan ölkələr yoxdur, hökumətləri Rusiya Federasiyasına qarşı dost olmayan ölkələr var”, - deyə Lavrov cavab verib.

“Intervision” 1960-cı illərin sonlarından əsasən sosialist düşərgəsi ölkələri tərəfindən keçirilən musiqi yarışmasıdır, lakin burada dünyanın hər yerindən, məsələn, Kanada, İspaniya, Portuqaliya, Mərakeş kimi ölkələr iştirak edib. “Intervision” qismən “Eurovision”a alternativ kimi düşünülmüşdü.

Müsabiqə bu yaxınlarda yenidən canlandırıldı, ilk dəfə olaraq yeni formatda sentyabrın 20-də Moskvada keçiriləcək. Rusiyanı Şaman təxəllüsü ilə tanınan müğənni Yaroslav Dronov təmsil edəcək. Ümumilikdə 20-yə yaxın ölkənin iştirakı gözlənilir.

Dost olmayan ölkələrin ilk siyahısı 2021-ci ilin yazında ortaya çıxdı. Buraya Rusiya diplomatik və konsulluq işçilərinə qarşı dost olmayan hərəkətlər etmiş dövlətlər daxil idi. Bu və ya digər dövlətin siyahıya daxil edilməsi diplomatik sahədə cavab məhdudiyyətləri deməkdir. 2022-ci ilin martında hökumət Rusiyaya, Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən dost olmayan ölkələrin və ərazilərin siyahısını təsdiqləyib. Həmin ilin yayında siyahı genişləndirildi. Ümumilikdə siyahıya 50-yə yaxın dövlət daxildir.

Rusiyanın bəzi qanunvericilik aktları, o cümlədən sanksiyalara reaksiya ilə bağlı aktlarda dost olmayan dövlətlər anlayışı öz əksini tapıb. Kreml siyahıya yenidən baxıla biləcəyini qeyd edib.

kamran2022.jpg

Siyasi şəhrçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlaması Kreml ritorikasında yeni mərhələnin başlandığını göstərir:

“Moskva artıq qeyri-dost ölkələr ifadəsindən uzaqlaşaraq, diqqəti birbaşa qeyri-dost hökumətlərə yönəldir. İlk baxışdan bu, sadəcə termin dəyişikliyi təsiri bağışlaya bilər. Amma əslində, geopolitik mübarizənin incə detallarını ortaya qoyur. Bununla demək istəyirlər ki, Rusiyanın problemi xalqlarda deyil, onların siyasi elitalarındadır. Kreml bununla həm Qərb ictimaiyyətinə “biz sizə düşmən deyilik” siqnalını ötürür, həm də daxildə xalq düşmənçiliyi ritorikasından uzaq qalmaq istəyir.

Beləliklə, Moskva Avropa və ABŞ cəmiyyətlərini öz hökumətlərinə qarşı qoymaq üçün yeni ritorik silahdan istifadə edir. Dost olmayan ölkələr ifadəsi hüquqi sənədlərdə, sanksiyalara reaksiya aktlarında sabitləşmiş anlayış idi. Bu termin biznes əlaqələrinin tamamilə kəsilməsinə əsas verirdi. Yeni ifadə isə Rusiyaya manevr imkanı yaradır. Ölkənin hökumətini hədəfə alaraq, biznes dairələri və vətəndaşlarla əməkdaşlığa açıq qaldığını göstərir. Yəni Rusiya Qərbin “kapitalını” tam itirmək istəmir”.

Siyasi şərhçi qeyd edib ki, indiki halda Kreml mədəniyyət vasitəsilə Qərb ictimaiyyətinə təsir imkanlarını gücləndirmək istəyir:

“Qeyri-dost hökumətlər ritorikası bu kimi beynəlxalq tədbirlərdə Qərb ölkələrinin iştirakına maneələri yumşaltmaq üçündür. Əslində, bu termin dəyişikliyi Qərbə yönəlmiş yeni diplomatik mesajdır. Moskva qlobal qarşıdurmada özünü “yumşaq güc” imkanlarına açıq göstərmək istəyir. Eyni zamanda, bu dəyişiklik daxili auditoriya üçün də nəzərdə tutulub. Kreml rus cəmiyyətini Qərb xalqlarına qarşı radikal nifrətdən uzaq saxlamağa çalışır”.

Kamran Məmmədlinin sözlərinə əsasən, hüquqi planda hələ ki, heç nə dəyişməyib:

“Qeyri-dost ölkələr siyahısı qüvvədə qalır və həmin dövlətlərə qarşı məhdudiyyətlər davam edir. Amma ritorikanın dəyişməsi Kremlin gələcək diplomatik manevrlərinə işarədir. Rusiya özünü düşmənçiliyi xalqlara deyil, “siyasi elitalara” ünvanlayan tərəf kimi təqdim etməklə beynəlxalq imicini yumşaltmağa çalışır. Moskvanın informasiya-diplomatiya strategiyasında yeni ton deməkdir. Rusiya həm sanksiya müharibəsində manevr etmək, həm də Qərb ictimaiyyətini hökumətlərinə qarşı yönəltmək üçün bu ritorikadan imtina edir. Hüquqi reallıq dəyişməsə də, Kreml üçün bu, yeni siyasi gedişin başlanğıcı ola bilər”.

K.Məmmədli deyib ki, Moskvanın yeni ritorikası Qafqaza da təsirsiz ötüşməyəcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
10
musavat.com

1Mənbələr