AZ

"İsrail ölçünü aşarsa, ABŞ də ona kömək edə bilməyəcək" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın son açıqlaması diqqət çəkib. O, Qətəri ABŞ-nin müttəfiqi adlandıraraq İsrailin daha diqqətli davranmalı olduğunu bildirib. 

ABŞ-nin bu dəfə daha fərqli mövqe sərgiləməsi İsrailin siyasətinə təsir göstərə, onun addımlarını məhdudlaşdıra bilərmi?

Redaktor.az-a açıqlamasında palitoloq Elşad Həsənov bildirdi ki, İsrailin Dohaya raket zərbəsi endirməsindən sonra beynəlxalq ictimaiyyət İsrailin Baş naziri Benyamin Netanyahunun təcavüzkar siyasətini pislədi.

"Eyni zamanda İslam ölkələrinin xarici işlər nazirləri Dohada toplaşaraq bu məsələni müzakirə edirlər. Yekunda isə bəyanat qəbul ediləcəyi gözlənilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da hazırda Qətərdədir. O, şeyxlə görüşüb və digər görüşlər keçirəcək. İsrailin son zamanlar Yaxın Şərq ölkələrinə qarşı apardığı siyasət bölgədə ciddi eskalasiyaya səbəb olub. İsrail rəsmilərinin bəzilərinə görə, növbəti nişangah Türkiyə ola bilər. Əgər onlar dayanmasalar və Türkiyə ilə müharibə etmək istəsələr, İsrail dövləti məhv ola bilər. Çünki belə bir müharibə başlasa, digər ölkələr də İsrailə qarşı hərbi əməliyyatlara qoşula bilər. Bunu anlayan Tramp, Suriyada Bəşər Əsəd rejimi devriləndən sonra İsrailin ora zərbə endirməsinə cavab olaraq Netanyahuya bildirdi ki, Rəcəb Tayyib Ərdoğan onun dostudur və onunla danışmalıdır. Tramp Netanyahunu Türkiyə ilə razılaşmağa çağırdı. Lakin Netanyahunun siyasəti çox ciddi və ağır oldu və nəticədə İsrail bu siyasətdən ziyan çəkə bilər. Qətərin paytaxtı Dohada HƏMAS liderlərinin olduğu yerə zərbə endirilməsi ciddi səhv idi. Bu addımı ABŞ, Avropa ölkələri və müsəlman ölkələrinin əksəriyyəti qınadı. Tramp da bildirdi ki, Qətər ABŞ-nin müttəfiqidir və İsrail bundan sonra diqqətli olmalıdır. Adətən ABŞ İsraili dəstəkləyir, xüsusilə Trampın prezidentliyi dövründə bunu açıq şəkildə görmüşük".

Politoloq qeyd etdi ki, İsrail ölçünü aşarsa, ABŞ də ona kömək edə bilməyəcək:

"Bu baxımdan hesab edirəm ki, Netanyahunun apardığı siyasət İsraili sözün həqiqi mənasında məhvə aparır. İsraillilər dəfələrlə Netanyahunun bu siyasətinə qarşı aksiya keçiriblər. Netanyahunun qarşısında olan məhkəmə prosesi müharibəyə görə dayandırılıb və o, müharibəni dayandırmaq istəmir. Qəzzanı tam boşaltmaq niyyətindədir və buna görə qonşu ölkələrə qarşı hücumlara davam edir. Netanyahunun siyasəti dayandırılacaq və tezliklə İsraildə hakimiyyət dəyişikliyi baş verəcək. Yeni rəhbərlik qonşularla münasibətləri normallaşdırmağa çalışacaq, çünki ABŞ Yaxın Şərqdə müharibənin geniş ərazilərə yayılmasını istəmir".

Xədicə BAXIŞLI

Seçilən
12
1
redaktor.az

2Mənbələr