AZ

"Kassasiya instansiyası məhkəməsində vəkilin özünü müdafiə etməsi daha səmərəlidir" -Vəkil

Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna və Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Emil Aslanov bildirdi ki, kassasiya şikayəti vermək hüququ Mülki Prosessual Məcəllə ilə tənzimlənir və Mülki Prosessual Məcəllənin 402-ci maddəsində, eləcə də 43-cü fəsildə göstərilir:

"Burada qeyd edilir ki, şikayət verən şəxs vəkilin orderi ilə kassasiya şikayəti verə bilər. Əgər iş materiallarında müdafiə olunan şəxsin vəkilinin orderi yoxdursa, iş icraata qəbul edilmirdi. Amma bu dəyişiklikdən sonra, təbii ki, vəkil özü-özünü müdafiə edə bildiyindən, ona yenidən digər vəkilin verilməsinə heç bir zərurət qalmır. Ona görə də qanun təkmilləşdi və daha da sadələşdi, çünki vəkil onsuz da özü-özünü müdafiə edə biləcək. Cinayət Prosessual Məcəlləyə edilən dəyişiklik isə burada şəxsin iradəsindən və onun istəyindən asılıdır. Əgər şəxs vəkillə təmin edilmək istəmirsə, əvvəlki redaksiyada olduğu kimi, onun iradəsinə zidd şəkildə vəkil təyin olunurdu. Amma indiki təklif edilən dəyişikliklərdə həmin şəxs müddətli həqiqi hərbi xidmətdə qulluqçu olduqda, şübhəli və ya təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdikdə, şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qəti imkan tədbiri seçildikdə, həmçinin cinayət təqibi və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə, eləcə də təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi varsa, həmin şəxs vəkilin xidmətindən imtina edə bilər və özü-özünü müdafiə etmək hüququna malik olacaqdır".

Müsahibimizin fikrincə, vəkillərin digər vəkillə təmin edilərək kassasiya instansiyası məhkəməsində müdafiə olunmasına zərurət aradan qalxır və şəxs özü vəkil olaraq özünü müdafiə edir və daha səmərəli, yaxşı hazırlaşaraq müdafiəsini həyata keçirir.

"Digər vəkilin həmin prosesdə iştirakı artıq təmin edilmir ki, bu da həmin vəkillərin, xüsusən də həmin vəkilin iş yükünün azalmasına səbəb olur. Bundan əlavə, həmin şübhəli və təqsirləndirilən şəxslər də vəkilin hüquqi yardımından istifadə etmək istəmirlərsə, imtina edirlər və yenə də vəkillərin iş yükünün azalmasına gətirib çıxarır. Bu da vəkillər üçün daha səmərəlidir. İstər şübhəli, istər təqsirləndirilən şəxs vəkilin hüquqi yardımından imtina etmiş olsa belə, istədiyi zaman yenidən vəkillə təmin olunması üçün ərizə yaza bilər, hətta müqavilə bağlayaraq istədiyi bir neçə vəkil tərəfindən təmsil olunmaqla hüquqlarının müdafiəsini tələb edə bilər", - deyə Emil Aslanov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
35
1
redaktor.az

2Mənbələr